Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyası keçiriləcək


Digərləri 25 May 2018 20:33:00 308 0

Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyası keçiriləcək

Bakı şəhəri Ümumdünya Turizm Təşkilatı (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcək.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniyanın San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında verilib. Bu mötəbər tədbirin 2019-cu ilin may ayında baş tutması planlaşdırılır.

Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə ÜTT arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 40-dan artıq ölkədən tədbirə gələcək dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir.

108-ci sessiyada ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniyadakı səfirliyinin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın ÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov rəhbərlik edib.