Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş filmi təqdim edir FOTO


Digərləri 25 May 2018 18:25:00 292 0

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş filmi təqdim edir  FOTO

Bu gün axşam Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Son iclas" bədii-sənədli filminin təqdimatı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun dəstəyi və "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Filmin təqdimatı mərasimindən əvvəl təşkil olunmuş mətbuat konfransında Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev deyib: "Filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəsislər, peşəkar aktyorlardır.

Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub.

Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan çəkilişlərdə iştirak edib. Ümumilikdə film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işini ərsəyə gətirdiyimiz üçün çox qürur duyuruq".

Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: "Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinə həsr edilmiş belə bir sənədli filmin sponsoru olmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

"Son iclas" bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşcu operatoru Rəşad Nuriyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir.


Xəbərə aid fotolar