“Anam məni o qədər döydü ki, həyata gəldiyimə peşman oldum” FOTO


Şou-biznes 25 May 2018 16:09:00 295 0

“Anam məni o qədər döydü ki, həyata gəldiyimə peşman oldum”  FOTO

Son.az müğənni Türkan Vəlizadənin ölkə.az-a müsahibəsini təqdim edir.

- Türkan xanım, zaman adlı bir "at"a mindiniz, onu çapdınız, çapdınız... Gəlib hara çıxdınız?

- Bəlkə də istədiyim yerdəyəm, amma yenə də çalışmaq lazımdır. İllərdir ki, əziyyət çəkirəm. Əvvəllər maddi imkanım olmadığına görə özüm üçün müəyyən bir şeyləri edə bilmədim. Amma şükürlər olsun ki, Pərviz Bülbülənin mənə göstərdiyi dəstək sayəsində bağlı olan qapılar da üzümə açılmağa başladı. Buna baxmayaraq öz üzərimdə işləyirəm, arxayınlaşmamışam. 

- Çətin vaxtınızda bir "əl" sizi qaldırdı. İndi o olmasa, öz ayaqlarınız üzərində dayana bilərsinizmi?

- O "əl" hələ ki, üstümdədir. Nə vaxt çəkilər, onda fikirləşərəm. Amma yenə də deyirəm ki, dayanmadan çalışıram. 

- Dediniz ki, sənətinizdə arzuladığınız bir yer var, ora doğru getmək istəyirsiniz. Çoxmu qalıb həmin yerə çatmağınıza?

- Var, hələ var. İnsan həyatda nə qədər yaşayırsa, bir o qədər də çalışmalıdır.

- Kənardan baxanlar elə düşünürlər ki, Türkan Vəlizadə müəyyən qədər özünəqapalı və soyuq bir insandır. Elədirmi?

- Düzdür, baxanlar elə zənn edir ki, mən özümdənrazı və qapalı biriyəm. Amma elə deyil. Bacardığım qədər insanların dərdinə şərik çıxmağa, onlara əl uzatmağa çalışıram. Çünki özüm vaxtilə çox əziyyət çəkmişəm. Pərviz Bülbüləyə qədər əzab-əziyyət gördüm. Hansı qapıya getdimsə, qapıları üzümə bağladılar. Kimdən kömək umdumsa, "yox" dedilər. İndi mənim heç nəyə ehtiyacım yoxdur, şükürlər olsun. İndi vaxtilə mənə qarşı soyuq olan insanlara qarşı necə isti münasibət göstərə bilərəm?!

- Öz ətrafınıza bir "sərhəd" çəkmisinizmi?

- İnanın ki, çəkməmişəm. Anam həmişə deyirdi ki, sənə qarşı pis olanlara qarşı çox mülayim olursan. Xarakterim belədir. Mənə düşmən olanlara da arxa çevirə bilmirəm. 

- Pərviz Bülbülə ilə tanışlığınız necə yarandı?

- Artıq üç-dörd ildir ki, Pərvizlə eyni məclislərə düşürdük. Dostluğumuz o zamandan bəri var. Amma həmin illər ərzində iş birliyi barədə aramızda heç bir söhbət olmamışdı. Bir dəfə rayona toya gedirdi. Pərviz dedi ki, "Aşiq-Canan" adlı yeni bir mahnı var. Onu sənə göndərəcəm, öyrən. Haçansa bir məclisə düşsək, ifa edərik. Razılaşdım və mahnını öyrəndim. Yaxşı yadımdadır, həmin mahnını ilk dəfə Masallıda oxuduq. Daha sonra yayılmağa və sevilməyə başladı. Amma Moskvada "Veqas"dakı konsertdən sonra daha populyarlaşdı. Məhz bundan sonra dediyim o bağlı qapılar üzümə taybatay açılmağa başladı və özüməməxsus ifa tərzim, səhnə performansım və şirinliyim məni xalqa sevdirdi. 

- Sizin üçün açılmayan qapılar hələ də varmı?

- İstəyirlər ki, bağlı qalsın. Amma Allah mənə səbr verdi və zaman gəldi. Özü o qapıları mənim üçün açdı. 

- Maraqlıdır, özünüzə qapalı olmağınız nədən irəli gəlir?

- Mən insanlara çatdırmaq istədiyim fikri tam çatdıra bilmirəm. Ona görə də özüm-özümlə danışıram.

- Nə deyirsiniz özünüzə?

- Xasiyyətimdən gileylənirəm. İnsanlara çox güvənirəm.

- Bundan sui-istifadə edənlər çox olur?

- Bəli. Elə vaxt olub ki, inandığım insanlara görə illərimi itirmişəm. Hətta evdə deyirdilər ki, sən o insanlara inanmaqla səhv edirsən. Amma mən öz bildiyimi edirdim. Nəticədə, başım daşdan-daşa dəyirdi. 

- Başınızın daşa ən bərk dəydiyi məqam hansı olub?

- Uşaqlıq edib çox böyük bir səhv etmişdim. Nə olduğunu deməyəcəyəm. Bir onu deyə bilərəm ki, sonradan həmin səhvimi düzəltdim. 

- Özünüzü nədən qoruyursunuz?

- Həmişə çalışmışam ki, danışanda sözlərimə müəyyən bir sərhəd qoyum. Lakin ürəyimin təmizliyindən, nə gəldi deyirəm, onda da aləm dəyir bir-birinə. Əslində yaxşı bir şey demək istəyirəm, o da gəlib pis mənaya çıxır. Bir sözlə, dilimin bəlasına düşürəm (gülür). 

- Sevgi nədir sizin üçün?

- Deyirlər ki, sevgi var. Amma sevginin nə olduğunu dərk edə bilmirəm. Daha çox bağlılıq adlandırıram bu hisləri. Ümumiyyətlə, bir insan digəri ilə əvəz olunursa, o sevgi deyil.

- Çoxmu həsrət çəkdiniz?

- Bəli, çox çəkmişəm. Heç vaxt unutmaram, elə bir vəziyyətdə idik ki, evdə çay qaynatmağa çaydanımız yox idi. Öz qohumumuza zəng etdik, dedik ki, pulumuz yoxdur. Yemək bişirdiyimiz qazanda çay qaynatmışıq. Bizə bir çaydan al, göndər. Anam da xəstə idi. Onun yemək yediyi qazanda çay qaynadıb içməyi məni yandırırdı. Bağrım çartlayırdı. Amma həmin o qohumum bizə bir çaydanı qıymadı. Mən indi yaddan nə gözləyim? Halbuki indi həmin qohum mənim başıma and içir. Dəyişən nədir ki? Mən həminki insanam. Mən yenə də o insalara qarşı olduğum kimiyəm. Qapıma gələnlərə qapımı da açıram, ürəyimi də. 

- Əlinizdən nə çıxdı?

- Şükürlər olsun ki, hər bir şey qaydasındadır. Hər şey əlimdədir.


Xəbərə aid fotolar