Fransalı tədqiqatçı: "Topçubaşovun ABŞ prezidenti ilə görüşü Azərbaycan diplomatiyasının böyük uğuru idi" - MÜSAHİBƏ


Siyasət 25 May 2018 14:34:56 305 0

Fransalı tədqiqatçı: "Topçubaşovun ABŞ prezidenti ilə görüşü Azərbaycan diplomatiyasının böyük uğuru idi" - MÜSAHİBƏ

Jorj Mamulya: "Uinston Çörçill Qafqaz dövlətlərinin müstəqilliyi fikrinə düşməncəsinə yanaşırdı"

Fransa Sosial Elmlər üzrə Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoru Jorj Mamulya(Georges Mamoulia) Fransada Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə tədqiqatçıdır və bu sahədə elmi iş müdafiə edib.

O,1992-1994-cı illərdə Gürcüstan prezidentinin xarici siyasət üzrə müşaviri, 1994-2000-ci illərdə Gürcüstanın Rusiyadakı səfirliyinin İnformasiya və analitika şöbəsinin müdiri, müşaviri vəzifələrində çalışıb.

J.Mamulya "Report"un Qərbi Avropa bürosuna müsahibə verib.

- Siz Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair elmi iş yazmısınız. Necə oldu ki, belə bir araşdırma aparmaqqərarına gəldiniz?

- Uzun illərdir Fransada işləyirəm. Bu ölkənin arxivlərində materialların olması məni Azərbaycan və Gürcüstana dair elmi-tədqiqat işi yazmağa həvəsləndirdi. Çünki həmin dövlətlər Paris Sülh Konfransında təmsil olunduqlarından onlarla bağlı xeyli saylı sənəd Fransa Xarici İşlər və Müdafiə nazirliklərinin arxivlərində qorunub saxlanılır. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətini Paris Sülh Konfransında təmsil edən görkəmli ictimai-siyasi xadim, diplomat, ölkə parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun da şəxsi arxivi Parisdədir. Bu, materiallar zənginliyinə və kəmiyyətinə görə Xalq Cümhuriyyətinə dair ən əhəmiyyətli mənbədir.

Bundan əlavə, 1919-cu ilin əvvəllərində Qafqazda Fransa hərbi missiyası fəaliyyət göstərirdi və onlar yerli vəziyyətlə bağlı Parisə hesabatlar göndərməklə məşğul olurdular. Onların hamısı hazırda Fransa Müdafiə Nazirliyinin nəzdindəki arxivdə saxlanılır. Fransa Xarici İşlər Nazirliyinin tərkibindəki arxivdə Azərbaycana həsr edilmiş 1918-1921-ci illəri əhatə edən üç ayrıca qovluqda saxlanılan çox əhəmiyyətli sənədlər var və arxivə giriş sərbəstdir. Lakin materialların zənginliyinə və kəmiyyətinə gəldikdə isə ən əhəmiyyətli mənbə Əlimərdan bəy Topçubaşovun arxividir. Çünki ömrünün sonunadək Fransada yaşayıb və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirib.

Mən də bu arxivlərdən və sənədlərdən yararlanmaqla 2009-cu ildə Qafqazın azadlığı uğrunda mübarizə mövzusunda elmi işimi Fransa Sosial Elmlər üzrə Ali Məktəbində müdafiə etmişəm və bu mövzuda bir neçə cilddən ibarət kitabım işıq üzü görüb.

- Paris Sülh Konfransına toxundunuz. Xalq Cümhuriyyətinin müstəqilliyinin dünya səviyyəsində tanınması üçün həmin dövrdəFransaya danışıqlar aparmağa gəlmiş Azərbaycan nümayəndə heyəti hansı çətinliklərlə üzləşib?

- Ümumiyyətlə, 1918-1921-ci illərdə Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz Konfederasiyası dövlətlərinin yaranması yaxın tariximizin ən vacib hadisələrdəndir. Bu, həmin ölkələrin müasir dövlətçilik tarixində ilk təcrübələri idi. Bu dövlətlərin müstəqilliyinin tanınması da yalnız Paris Sülh Konfransında mümkün idi. Ona görə də yeni dövlətlər öz nümayəndə heyətlərini 1919-cu ildə Parisə göndərmişdilər. Azərbaycanı Paris Sülh Konfransında görkəmli ictimai-siyasi xadim, diplomat, ölkə parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Təbii ki, çətinliklər çox idi. Təsəvvür edin, Paris Sülh Konfransı 1919-cu ilin yanvar ayında başlayıb, ancaq Azərbaycan nümayəndə heyəti Fransaya həmin ilin mayında gəlib. Qərb ölkələrinin rəhbərlərinin Qafqaz dövlətlərinin müstəqilliyinə dair mövqeləri həm qeyri-müəyyən, həm də bir-birindən çox fərqli idi.

Məsələn, Böyük Britaniyanın Qafqazda fəaliyyəti geniş idi, 1918-ci ildən etibarən də Azərbaycan və Gürcüstanda hərbi qüvvələrini yerləşdirmişdi. Bununla belə, Britaniya hakim dairələrində bu məsələdə ciddi fikir ayrılıqları mövcud idi. Britaniyanın müdafiə naziri Uinston Çörçill Qafqaz dövlətlərinin müstəqilliyi fikrinə düşməncəsinə yanaşırdı və onun bu regiondakı planları yalnız bölşeviklərə qarşı mübarizədən ibarət idi. Çünki bolşevikləri ingilislər üçün təhlükə hesab edirdi. Eyni zamanda Böyük Britaniya generalları da bolşevik Rusiyasının bütövlüyünün lehinə idilər. Bununla belə, Böyük Britaniya hökumətində dostlarımiz da var idi. Hələ XIX əsrin sonlarında Qafqaza səyahət etmiş, bu region haqqında hərtərəfli məlumata malik olan Lord Herson hesab edirdi ki, Qafqaz regionu rus imperiyasının tərkib hissəsi deyil. O, sentyabr ayında Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin olunduqdan sonra Qafqaz dövlətlərinin müstəqilliyinin tanınması üçün əlindən gələni edirdi.

Fransanın mövqeyinə gəldikdə isə vəziyyət daha mürəkkəb idi. Belə ki, Fransa var qüvvəsi ilə ağları (eserlər, menşeviklər) dəstəkləməkdə davam edirdi. Bu siyasət da Fransanın I Dünya müharibəsi zamanı digər qərb dövlətlərinə nisbətən daha çox zərər çəkməsindən irəli gəlirdi. Fransanın məqsədi Almaniya ilə sərhəddə qüdrətli bir dövlət, Rusiya imperiyasının mövcud olması idi.

Fransa rəhbərliyinin Azərbaycan nümayəndə heyətinin Parisə daxil olmasına maneçilik törətməsinin əsas səbəbi qeyri-rus millətlərinin Rusiyanı təmsil etməsinə imkan verməmək idi. Digər tərəfdən, Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin Paris Sülh Konfransında iştirakı bu dövlətlərin müstəqilliyinin de-fakto tanınması demək idi.

Azərbaycan nümayəndə heyətinin Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması yolunda qarşılaşdığı çətinliklər Gürcüstan nümayəndə heyətindən dəfələrlə artıq idi. Belə ki, Qərb dövlətləri Azərbaycanı Osmanlı imperiyasi ilə eyni tuturdu. Buna səbəb 1918-ci ilin sentyabr ayında Bakının azad olunması zamanı Osmanlı imperiyasının yaxından köməklik göstərməsi idi. Daha bir çətinlik isə ermənilərin azərbaycanlılar haqqında yaymağa çalışdığı mənfi rəylər idi. Onlar azərbaycanlıları türkçülükdə ittiham edirdilər. Çünki Ermənistan nümayəndə heyəti 1919-cu ilin yanvar ayında Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gəlməyə nail olmuşdu. Onlar Qafqaz ölkələri arasında ən çox ruspərəst və nəticə etibarilə Antanta blokunun tərəfdarları hesab edilmələrindən məharətlə yararlana bilmişdilər. Fransada həm Qafqaz, həm də Türkiyə ermənilərini təmsil edən qrup Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin Parisə gəlmələrinə maneə törətmək üçün ciddi-cəhdlə çalışırdılar. Onlar gürcülərin Almaniya, azərbaycanlıların isə Türkiyəni dəstəklədiyinə, ruslara, Antanta blokuna qarşı sərt mövqe nümayiş etdirmələrinə dair fikirlər yayırdılar. Lakin butün çətinliklərə baxmayaraq, Azərbaycan və Gürcüstan nümayəndə heyətləri Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gəlməyə nail oldular.

- Bəs Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün Qərb dövlətlərinin razılığını almağa necə nail olmuşdular?

- Təbii ki, bu məsələdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. O, buna nail olmaq məqsədilə Fransaya ard-arda notalar göndərməkdə davam edirdi. Hazırda bu sənədlərin hamısı onun Parisdəki şəxsi arxivində qorunub saxlanılıb.

Eyni zamanda Fransanın Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakına icazə verməsində neft amili də böyük rol oynayıb. Çünki 1919-cü il mayın 6-da bolşeviklər Moskva yaxınlığına çatırlar və bu zaman Antanta ölkələri üçün Azərbaycan neftinin əhəmiyyəti daha da artır. Belə ki, həmin dövrdə Rusiyada hasil edilən neftin 90 faizini Bakının "qara qızıl"ı təşki edirdi. Qərb dövlətləri düşünürlər ki, onlar Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransına gəlməsinə şərait yaradarlarsa, rəsmi Bakı ilə nefti bolşeviklərə satmamaları haqqında danışıqlar aparmaqla razılıq əldə edə bilərlər.

- Ümumiyyətlə, hansı dövlətlər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına daha çox meyil göstərirdilər?

- ABŞ-ın o vaxtkı prezidenti, tanınmış ictimai-siyasi xadim Vudro Vilson Senatı Qafqaz ölkələrini himayəyə götürməyə razı salmağa çalışırdı. O hesab edirdi ki, hansısa millət öz dövlətini yaratmaq qərarına gəlirsə və əhali müstəqilliyə hələlik hazır deyilsə, böyük dövlətlərdən biri onları müvəqqəti olaraq öz himayəsinə götürə bilər. Vudro Vilson ABŞ-ın Qafqazı 5 illik müddətinə himayəyə götürməyinin tərəfdarı idi. Əgər ağlar qalib gəlsəydi, Qafqaz ölkələri Rusiyanın tərkib hissəsi deyil, federal dövlətlər kimi Rusiya Federasiyasının tərkibinə daxil edilməliydi. Ancaq bolşeviklər qələbə çalsaydılar, 5 ildən sonra Qafqaz tam müstəqilliyini əldə edəcəkdi. Çünki Qərb dövlətləri çox gözəl anlayırdılar ki, Rusiyada hakimiyyət başına qırmızıların və ya ağların gəlməsindən asılı olmayaq, istənilən halda Qafqazı öz təsirləri altına almağa can atacaqlar. Əslində, bu çox maraqlı layihə idi.

- Sizcə, Azərbaycan nümayəndə heyətinin Parisdə keçirdiyi hansı görüşlər daha çoxtarixi əhəmiyyət kəsb edir?

- Əlimərdan bəy Topçubaşov 1919-cu il mayın 28-də ABŞ prezidenti Vudro Vilsonla görüşüb. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru idi. Çünki 28 May-Respublika Günü olmaqla yanaşı, eyni zamanda Azərbaycan tarixinə belə bir əlamədar hadisə ilə də adını yazdırıb. Əlimərdan bəy Toşçubaşovu ABŞ prezidenti ilə görüşdə Şimali Qafqaz Konfederasiyasının sədr müavini Heydər Bamatov müşayiət edib. Vudro Vilson görüşdə bildirib ki, Rusiya məsələsi nizamlanmayanadək Qafqaz ölkələrinin müstəqilliyi məsələsi həll oluna bilməz. O, Rusiya məsələsi dedikdə vətəndaş müharibəsini və hansı qüvvələrin qalib gələcəyini nəzərdə tuturdu. Ohəmçinin qeyd edirdi ki, Qafqazın müstəqilliyi Şimali Qafqaz Konfederasiyasının yaradılması şərti ilə mümkün ola bilər. Bura da Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz dövlətləri daxil idi. Lakin təəssüflər olsun ki, bu layihə reallaşmır. Çünki ABŞ Senatı prezidentin bu planını ratifikasiya etməkdən boyun qaçırır. Bu da ABŞ-ın regionda belə bir təcrübəsinin olmamasından və bu məsələnin onlar üçün elə də böyük iqtisadi maraq kəsb etməməsindən qaynaqlanır.

- Bəs necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanındı?

- 1919-cu ilin sentyabr ayında Anton Denikinin başçılığı altındakı könüllü ordu Moskvaya yaxınlaşır və bu ərəfədə heç kimin bolşeviklərin məğlub olacaqlarına, Qafqazın yenidən rusi imperiyasının tərkibinə qaytarılacağına şübhəsi qalmır. Denikin may ayında Dağıstana daxil olaraq Dərbəndi işğal edir. Qoşun Azərbaycanla sərhəddə dayanır və beləliklə Gürcüstan üçün də təhlükə yaranır. Belə bir vəziyyətdə Azərbaycan və Gürcüstan nümayəndə heyətinin Paris Sülh Konfransına bir-birininn ardınca göndərdikləri notalar cavabsız qalır. Lakin 1919-cu ilin oktyabrında vəziyyət dəyişir, Denikinin ordusu məğlubiyyətlə üzləşir. 1919-cu ilin sonu ağların qırmızılara gücü çatmayacaqlarına heç kimin şübhəsi qalmır. Bu zaman Britaniyanın xarici işlər naziri Lord Herson meydana çıxaraq Azərbaycan və Gürcüstanın müstəqilliyinin de-fakto tanınmasını təklif edir.

- Niyə məhz Azərbaycan və Gürcüstan, Ermənistan yox?

- Çünki Qərb dövlətləri Azərbaycan və Gürcüstanın Qafqazın onurğa sütününu təşkil etdiyini çox gözəl anlayırdılar.

- Azərbaycanın və Gürcüstanın müstəqilliyinin de-yure tanınmasına nə mane olurdu?

- Bu dövlətlərin müstəqilliyinin de-yure tanınması üçün sərhədlər müəyyənləşdirilməli idi. Ancaq dövlətlərin bir-birinə qarşı ərazi iddiaları var idi. Xüsusilə Ermənistan Dağlıq Qarabağ bögəsini ələ keçirmək istəyirdi. Belə bir vəziyyətdəAzərbaycan və Gürcüstan arasında sərhədlərə dair razılıq əldə olunur və tezliklə iddialar aradan qaldırılır. Dövlətlərin müstəqilliyinin de-yure tanınması üçün növbəti addımlardan biri də onlara silah yardımının göstərilməsi idi. Bu məqsədlə vəziyyəti öyrənmək üçün Qafqaza səfərlər təşkil olunur və konkret plan tərtib edilir. Plana uyğun olaraq, Qərb ölkələri Qafqaz dövlətlərinə silahlı qüvvə göndərmək deyil, özlərini müdafiə etmək məqsədilə silah verməklə kifayətlənməliydilər. Bu məsələ mart ayında London konfransında son qərarın verilməsi üçün gündəmə gətirilməli idi. Lakin bu əhəmiyyətli qərarın qəbul edilməsi ərəfəsində Ermənistan yenidən özünün ərazi iddiaları ilə çıxışlar etməyə başlayır. Ona görə də onların Qafqaz dövlətlərinə silah yardımı təxirə salınır və Qafqaz ölkələrininmüstəqilliyi de-yure tanınmır.

- Bəs Ermənistanın ərazi iddiaları nə ilə nəticələnir?

- Dağlıq Qarabağ əvvəldən Azərbaycanın ərazisi olub. Ancaq Ermənistan Azərbaycandan Dağlıq Qarabağ, Zəngəzur, Naxçıvan və digər əraziləri tələb etməyə başlayır. Azərbaycan hökuməti də Dağlıq Qarabağı itirməmək üçün məcburiyyət qarşısında qoşunlarını Dağlıq Qarabağa göndərməli olur. Onsuz da Azərbaycan elə də böyük hərbi qüvvəyə malik deyildi və bundan istifadə edən bolşeviklər Bakıya daxil olurlar. Qərb dövlətləri də bolşeviklərin bundan sonra Gürcüstan və Ermənistana daxil olacaqlarını yaxşı bilirdilər. Ermənilərin Qafqazın digər dövlətləri ilə əməkdaşlıq etmək istəməməsi bu dövlətlərin işğalına gətirib çıxardı.

- Azərbaycan nümayəndə heyətinin sonrakı fəaliyyəti və taleyi necə olur?

- 1921-ci ilin əvvəlinə kimi Gürcüstan öz müstəqilliyini qoruyub saxlaya bilir, Fətəli xan Xoyski də öz fəaliyyətini Tbilisidə davam etdirir. Rəsmi məlumatlara görə, onu erməni terrorçuları öldürüblər. Lakin bəzi mənbələr onun öldürülməsi haqqında əmrin bolşeviklər tərəfindən verildiyini göstərir.

Azərbaycan nümayəndə heyəti Parisdən iki səbəbə görə geri dönə bilmir. Onların Azərbaycana qayıdışı repressiya qurbanı olmağa bərabər idi. Digər tərəfdən, onların məqsədləri başladıqları işi davam etdirmək idi. Arxiv materialları sübut edir ki, onlar son nəfəslərinədək Azərbaycanın müstəqilliyinin tanınması uğrunda çalışıblar. Mustafa ağa Vəkilov, Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyinin geri qaytarılması uğrunda fəaliyyətlərini Tiflisdə davam etdiriblər. Fransada fəaliyyət göstərən Azərbaycan nümayəndə heyətinin üzvləri isə çox əhəmiyyətli görüşlər keçirməyə nail olublar. Məsələn, Əlimərdan bəy Topçubaşov Məhəmməd Məhərrəmovla birlikdə 1920-ci il yanvarın 10-da Antanta Ali Şurasının üzvləri ilə görüşlər keçirib və onların suallarını cavablandırıb. Görüşdə Klemanso, Çörçil, Lord Corc, Yaponiyanın təmsilçisi və digər mühüm şəxslər iştirak ediblər. Antanta üzvlərinin suallarını layiqincə cavablandıran Əlimərdan bəy Topçubaşov Azərbaycan xalqının müstəqilliyə hazır olduğunu sübuta yetirib. Bu görüşdən sonra 1920-ci il yanvarın 10-da Azərbaycanın müstəqilliyi de-fakto tanınır.

1920-ci il yanvarın 19-da Antantaya üzv ölkələrin nümayəndələri ilə Azərbaycan nümayəndə heyətinin daha bir görüşü olur. Bu görüşdə Antanta tərəfdən xarici işlər nazirləri, Azərbaycan nümayəndə heyətindən Əlimərdan bə Topçubaşov və Gürcustan mümayəndə heyətinin iki üzvü iştirak edirlər. Böyük diplomatik məharət nümayiş etdirən Əlimərdan bəy Topçubaşov bu dəfə Azərbaycan xalqının müstəqillik əzmindən və bu yolda hər bir çətinliyə hazır olduğundan danışaraq əks tərəfi buna inandıra bilir.