Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında


Dünya 25 May 2018 13:25:00 247 0

Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında

Xülasə: Məqalədə regional və qlobal miqyaslı proseslər fonunda dünyada təhlükəsizliyin təmini mexanizminin təkmilləşdirilməsi imkanları təhlil edilir. Göstərilir ki, geosiyasi dinamikaya fərqli yanaşmalar mümkündür.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, nümunə olaraq fransız tədqiqatçısı Bertran Badinin analizi göstərilir. Onun mövqeyinə görə, dünya "intertarix" mərhələsinə keçir ki, bu da "intersosiallıq"la xarakterizə olunur. Bu cür yanaşma bütövlükdə dünya nizamına, beynəlxalq münasibətlərin tənzimlənməsinə və bu prosesdə Birləşmiş Millətlər Təşkilatının roluna yeni müstəvidə baxmaq imkanı verir. Məqalədə bu problemin geosiyasi-nəzəri analizi aparılıb.

Elmi tədqiqatçılar tarixin hazırkı mərhələsinin bir sıra özəlliklərini geniş araşdırırlar. Qlobal geosiyasi kontekstdə bu məsələ kifayət qədər aktualdır. O cümlədən yeni dünya nizamı, qlobal təhlükəsizlik, bəşəriyyətdə özünü göstərən dəyişikliklər kimi problemlərin qarşılıqlı əlaqədə təhlilinə böyük ehtiyac yaranıb. Həmin məsələ beynəlxalq təşkilatların müasir şərtlər daxilində səmərəli fəaliyyətinin təmini prizmasından xüsusi önəm kəsb edir. Belə ki, BMT kimi təşkilatın qlobal təhlükəsizliyi təmin etməkdə qarşılaşdığı çətinliklər müxtəlif suallar yaradır. Onlara cavab tapmaqla, faktiki olaraq, yeni dünya nizamının formalaşdırılmasının nəzəri əsasları işlənmiş olur. Təəssüf ki, hələlik bu problem öz həllini tapmayıb. Ancaq bir sıra maraqlı araşdırmalar və onlardan irəli gələn mühüm nəticələr vardır. Burada onlar üzərində bir qədər geniş dayanaq.

Geosiyasi dinamika: böyük güclərin rəqabəti

Hazırda mütəxəssislər dünya siyasətinin bir qarışıqlıq içində olduğunu vurğulayırlar. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin meydana gətirdiyi problemlər qlobal geosiyasi mənzərəyə ciddi təsir göstərməkdədir. İndi aydın görünür ki, dünyanın geosiyasi nizamı böyük təhlükə qarşısındadır. Mövcud tənzimləmə və idarəetmə mexanizmləri əvvəlki dövrlərdə olduğu kimi səmərəli deyil. Böyük dövlətlər öz güclərindən ifrat dərəcədə istifadə etməyə, dünya əhəmiyyətli məsələləri öz maraqlarına uyğun həll etməyə çalışırlar.

Həmin aspektdə daha çox ABŞ, Avropanın böyük dövlətləri (Böyük Britaniya, Fransa və Almaniya) və Rusiya fəallıq göstərirlər. Hələlik Çinin mövqeyi təmkinlidir. Pekin beynəlxalq ziddiyyətlərə qarışmır, lakin passiv mövqe də tutmayıb. Çin əsas olaraq Asiya-Sakit okean hövzəsində aktiv geosiyasi-hərbi addımlar atır, ələlxüsus Cənubi Çin dənizi regionunda kifayət qədər fəallıq nümayiş etdirir.

ABŞ-la Rusiyanın geosiyasi savaşı indi Yaxın Şərqdə kulminasiya nöqtəsinə çatıb. Suriya və İraqda onlar həqiqi mənada rəqabətdədirlər. Amerika Prezidenti Donald Tramp Qüdslə bağlı tarixi səhvə yol verdikdən sonra Moskva Yaxın Şərqdə daha da aktivləşib. Vladimir Putin qısa müddətdə Misir, Suriya və Türkiyəyə səfər etdi. Ümumiyyətlə, Rusiya Prezidenti Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla səkkiz dəfə görüşüb! Kreml Suriyada siyasi-hərbi iştirakını yeni səviyyəyə yüksəltmək kursu götürüb. Bu, orada çoxlu əsgər saxlamaqla deyil, yerlərdəki müttəfiqləri vasitəsilə situasiyanı nəzarətdə saxlamağa dayanır. Təbii ki, həmin işi görmək üçün beynəlxalq hüququn prinsiplərinə uyğun qərarlar almaq lazımdır. O cümlədən BMT-nin uyğun mandatı olmalıdır. Əks halda, meydana yeni ziddiyyətlər çıxa bilər.

Əslində, proseslər elə bu istiqamətdə getməkdədir. Vaşinqton və Moskvanın Yaxın Şərqdəki qarşıdurmasının BMT sənədlərinə uyğun həllinin əlamətləri görünmür. Beynəlxalq münasibətlərə ciddi təsir edən digər məsələ Ukrayna ilə bağlıdır. Şərqi Ukraynada müharibə dayanmır. Orada Rusiya kifayət qədər fəaldır. Hərbi toqquşmalar getdikcə şiddətlənir. Bunlara Krım məsələsini də əlavə etsək, vəziyyətin nə dərəcədə ağır olduğunu təsəvvür edə bilərik.

Nəhayət, deyilənlərə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Cənubi Qafqazda yaranmış mürəkkəb geosiyasi situasiyanı, Gürcüstanın iki bölgəsinin müstəqilliklərini elan etmələrini, İran və Şimali Koreya problemlərini də əlavə etmək olar. Daha hansı çətinliklərin meydana çıxacağını isə proqnozlaşdırmaq mümkün deyildir. Çünki mövcud qlobal durum o dərəcədə həssas və dolaşıqdır ki, hansı məsələnin hansı yerdə necə təzahür edəcəyini öncədən demək çətindir. Bu, demoqrafik problem ola, sivilizasiyalararası ziddiyyət kimi meydana gələ, dinlərarası ixtilaf olaraq ortaya çıxa, məzhəb müharibəsi qismində özünü göstərə, iqlim problemi olaraq təzahür edə, yoxsulluğun daha geniş yayılması şəklində müşahidə oluna, yaxud kibermüharibə formasında bəşəriyyət qarşısına çıxa bilər.

Tənzimləmə mexanizmləri: Vestfaldan sonra...

Bunların hər biri olduqca həssas mövzulardır və reallaşma ehtimalları az deyil. Təbii olaraq meydana sual çıxır: bəs beynəlxalq səviyyədə meydana gələn müxtəlif təbiətli problemləri həll etmək mexanizmləri mövcud deyilmi? Əlbəttə, mövcuddur. Onların reallaşma məkanı kimi Birləşmiş Millətlər Təşkilatı da vardır. Ancaq əsas problem ondadır ki, dünyanın özünün sosial, siyasi, geosiyasi, hərbi, iqtisadi, informasiya, ekoloji, texnoloji və sair xarakteristikaları köklü surətdə dəyişməkdədir. Bəşəriyyət artıq fərqli keyfiyyətə və dinamikaya keçib. BMT-nin rəhbər tutduğu beynəlxalq münasibətlər sistemi isə keçən əsrdə baş verən İkinci Dünya müharibəsindən dərhal sonra formalaşdırılıb. Onların hüquqi təməlini isə Vestfal müqaviləsinin prinsipləri təşkil edir. Məlumdur ki, beynəlxalq münasibətlərin Vestfal sistemi Otuzillik müharibədən sonra Avropada 1648-ci ildə imzalanmış Vestfal sülh müqaviləsinin hüquqi bazası əsasında hazırlanıb. Burada əsas prinsip dövlətlərin suverenliyinin toxunulmazlığı və güclülərin zəifləri işğal etməsindən çəkindirmək üçün müəyyən qaydaların işə salınmasından ibarətdir (1).

Vestfal sistemi birbaşa güc tətbiqindən güclüləri çəkindirirdi ki, bu da həmin müqaviləyə qədər dövlətlər arasında münasibətləri tənzimləmənin başlıca prinsipi kimi güc tətbiqini xeyli məhdudlaşdırırdı. Artıq bir güclü dövlət başqasına hücum edərsə, digər güclülərin birləşib ona qarşı çıxış etmək hüququ tanınırdı. "Vestfal sistemi ilk dəfə olaraq dövlətin öz ərazisində və beynəlxalq işlərdə tam suverenliyini təsdiq edirdi, "milli dövlət" anlayışını sərhədləri daxilində, dəqiq funksiya və vəzifələri ilə legitimləşdirirdi" (1).

Lakin dalbadal baş verən iki dünya müharibəsi beynəlxalq münasibətlərin tənzimlənməsində ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Bir sıra dövlətlər yenə də güc mövqeyindən çıxış edərək öz maraqlarını təmin etməyə, imperiya ambisiyalarını irəli sürməyə çalışırdılar. Yaranmış vəziyyətdən çıxmaq üçün Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası, İkinci Dünya müharibəsindən sonra isə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Bu cür dəyişiklik bütövlükdə qlobal miqyasda baş verən geosiyasi transformasiyalarla birbaşa bağlı idi. Aydın görünürdü ki, güclü dövlətlərin güc tətbiqindən çəkindirilməsi kifayət qədər təsirli mexanizmlə tənzimlənmir və yeni, həm də daha səmərəli mexanizm işlənməlidir. Bu qisimdə suverenliklə yanaşı, "kollektiv təhlükəsizlik sistemi"nin işlənməsi zərurət kimi qarşıda dururdu. Doğrudur, Vestfal müqaviləsində kollektiv müdafiə haqqında müddəa vardı. Lakin iki dağıdıcı müharibənin baş verməsi bu anlayışa yeni məzmun verilməsinin vacibliyini nümayiş etdirirdi. Həmin səbəbdən BMT-də kollektiv təhlükəsizliyin təmin edilməsi prinsipi başlıca yerlərdən birini tutdu. BMT Nizamnaməsinin birinci - məqsədlər və prinsiplər fəslinin ilk bəndində deyilir: "Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək və bu məqsədlə dünyaya olan təhlükəni aradan qaldırmaq və ləğv etmək üçün effektiv kollektiv ölçülər götürmək, təcavüzü və ya sülhü pozan başqa pozuntuları məhv etmək, beynəlxalq mübahisələr və situasiyaları yoluna qoymaq üçün beynəlxalq hüquq və ədalətlilik prinsiplərinə uyğun olaraq dinc vasitələrdən istifadə etmək..." (2).

Bir müddət bu qaydalar beynəlxalq münasibətlərdə öz səmərəsini verdi. Lakin getdikcə aydın olurdu ki, bir sıra böyük dövlətlər artıq qoyulan çərçivələri aşırlar. Bu, əsas olaraq, ABŞ-SSRİ qarşıdurması fonunda baş verirdi. Vyetnam, Əfqanıstan, Latın Amerikasının bəzi ölkələri (məsələn, Panama, Boliviya və s.) ilə bağlı baş verənlər heç də hər bir BMT üzvünün suverenliyi və təhlükəsizliyinin təminat altında olmadığına işarə edirdi. Doğrudur, bunlarla yanaşı, Amerika və Sovet İttifaqı strateji kütləvi qırğın silahlarının məhdudlaşdırılması, yeni hücum silahlarından istifadənin qadağan edilməsi (məşhur "СНВ-1" və "СНВ-2" müqavilələrini xatırlayaq) istiqamətində konkret addımlar da atdılar. Lakin beynəlxalq miqyasda problemlərin sayı azalmır, hətta zaman-zaman daha kəskin formada yeniləri meydana gəlirdi.

Məsələn, iki supergüc olan ABŞ-la SSRİ arasında müharibə son anda əngəlləndi. Dünya nüvə reaktorlarının işə salınması ilə bağlı hər an böyük ekoloji fəlakətlərin baş verməsi qorxusu içərisində yaşayırdı. Tədricən isə ayrı-ayrı regionlarda çox təhlükəli münaqişələr alovlandı. Bu sırada İran inqilabını və ondan sonra beynəlxalq münasibətlərin gərginləşməsini də qeyd etmək olar.

Nəhayət, keçən əsrin 80-90-cı illəri dünya siyasətində dönüş nöqtəsi oldu. İki böyük geosiyasi, siyasi, hərbi və iqtisadi gücdən biri olan SSRİ və onunla bərabər sosialist düşərgəsi dağıldı. Həmin məqamda geosiyasi nəzəriyyələrdə də ciddi dəyişikliklər müşahidə olundu. Problemin maraqlı və əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, aparılan tədqiqatlarda BMT-nin sürətlə dəyişən geosiyasi situasiyada beynəlxalq münasibətlər sistemini tənzimləyən başlıca təşkilat olduğu birmənalı vurğulanırdı. Bir sıra araşdırmalarda isə BMT-nin strateji əhəmiyyətinin daha da artdığı ayrıca əsaslandırılırdı. Bu kontekstdə fransız alimi Bertran Badinin fikirləri xeyli dərəcədə maraqlıdır.

Tarixin sonu, yoxsa yeni tarix: daha bir yanaşma

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert və Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru olan Bertran Badi yazır ki, keçən əsrin sonlarında tarixin sonu haqqında tezisin meydana gəlməsinin xüsusi səbəbi var idi. Bu, klassik anlamda müharibə təhlükəsinin ötüb keçməsi ilə əlaqədar idi. Bir çox tədqiqatçılar hesab edirdilər ki, "beynəlxalq münasibətlərin sonunun çatdığının şahidləriyik" (3).

Tədqiqatçı belə bir mövqenin meydana gəlməsinin başlıca səbəbini kökü məşhur ingilis filosofu və siyasi mütəfəkkiri Tomas Hobbsun əsərlərinə gedib çıxan və beynəlxalq aləmin xarakterinə aid edilən realist paradiqmada görür. Bu paradiqmaya görə, siyasət dövlətlərarası qarşıdurma və silahlı münaqişə meydanıdır (3, s.6).

Müasir realizm paradiqmasının banisi, amerikalı siyasətşünas və nəzəriyyəçi alim Hans Morqentau vurğulayırdı ki, dövlətin hüdudlarından kənara tətbiq edilən güclə daxilə yönəlmiş güc arasında əhəmiyyətli fərq vardır. Bu əsasda çıxarılan nəticə belə idi ki, daxili siyasətin etika kimi beynəlxalq münasibətlərə heç bir aidiyyəti yoxdur (4). Realizm etikaya etibar etmir. Lakin o, özünün mənəvi köklərinə güclü bağlılığını da qoruyub saxlayır. Bu xəttin əsasını qoyanlardan biri və ümumiyyətlə, "güc nəzəriyyəsi"nin tərəfdarı kimi tanınan Reynhold Nibur protestant ideologiyasına dərin bağlılığı ilə tanınır. Onun fikrinə görə, ABŞ-ın gücü əxlaqi təsəvvürlər olmayanda müdaxilələrə təhrik etmirdi (5).

Realizmin siyasi kontekstdən asılılığını ifadə edən Bertran Badi vurğulayır ki, Yeni dövr tarixində realizmin dominantlığını laxlatmaq üçün üç cəhd göstərilib. Ancaq onların hamısı uğursuzluqla nəticələnib. Sonuncu cəhd İkinci Dünya müharibəsindən sonra edilib və əsasən BMT Nizamnaməsində öz hüquqi əksini tapıb. "Soyuq müharibə" illəri bunların əyani sübutudur. Ancaq "soyuq müharibə"nin başa çatması transmilli qarşılıqlı əlaqələrdə sosial aspekti nəzərə almamağın mümkünsüzlüyünü tam nümayiş etdirdi. İctimai ziddiyyətlərin beynəlxalq münasibətlərə ciddi təsiri əksər dövlətlər tərəfindən inkar edilsə də, reallıq bunun yanlış olduğunu göstərir.

O cümlədən həmin ziddiyyətlərdən qeyri-dövlət qüvvələri aktiv surətdə istifadə edirlər. Terror təşkilatları bu istiqamətdə daha fəaldır. Nəticədə, beynəlxalq münasibətlərin tənzimlənməsində bir hüquqi "disbalans" yaranır - mövcud mexanizmlər ya var gücü ilə işləmir, ya da yalnız kağız üzərində qalır. Onların reallaşma ehtimalı bir qayda olaraq böyük dövlətlərin maraqları ilə əlaqəli olur. Bu vəziyyəti ikili situasiya yaradır. Bir tərəfdən, qlobal miqyasda ziddiyyətlər kəskinləşir, digər tərəfdən isə BMT kimi təşkilat onları aradan qaldırmaqda acizlik göstərir. Bunlar isə əvvəlki dövrlərdə müşahidə edilməyən sosial-mədəni, siyasi, ictimai, ekoloji və s. proseslərin fonunda baş verir. Yəni bizim qlobal böhran kimi səciyyələndirdiyimiz proseslərin kökündə, əslində, bəşəriyyətdə baş verən sürətli sosial dəyişikliklər durur. Buna uyğun olaraq, beynəlxalq münasibətlərin yeni qaydalar üzrə tənzimlənməsi qaçılmazdır. Deməli, B.Badi faktiki olaraq, fərqli geosiyasi nəzəriyyənin yaradılmasına olan ehtiyacdan bəhs edir.

Müəllif həmin bağlılıqda yazır: "Dünya səhnəsinə cəmiyyətlər dövlətlərin alətləri kimi yox, ancaq öz mədəniyyəti, dini, iqtisadiyyatı və qalıcı praktikaları ilə çıxırlar" (3, s. 17). Bəşəriyyət liberallar üçün əlçatmaz olan bir səviyyəyə yüksələndə dövlət sadəcə "bazar dövləti" (6) olmaqdan daha böyük məna kəsb edir. Məlumdur ki, "bazar dövləti" üçün əsas xarici funksiya məxsusi iqtisadi uğuru dinamik artırmaqdan ibarətdir (7).

Bu, ciddi yenilik və beynəlxalq münasibətlərin tənzimlənməsi kontekstində əhəmiyyətli bir müddəadır. Xüsusilə BMT üzərinə yeni vəzifələr qoya biləcək prosesdir. Bütövlükdə diplomatiyanın yeni metodlar axtarması zərurətinin meydana çıxması əlamətidir.