Los Ancelesdə AXC-nin 100 illiyi təntənəli şəkildə qeyd olunub (FOTO)


Digərləri 25 May 2018 10:34:00 214 0

Los Ancelesdə AXC-nin 100 illiyi təntənəli şəkildə qeyd olunub (FOTO)

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.

Bakı. ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, tədbirdə 400-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş və fəxri konsulları, seçkili orqanların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Hollivud aktyoru Çiç Marin, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər. Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, hər kəsi bu xüsusi və möhtəşəm yubiley mərasimində görməkdən çox məmnun olduğunu bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. Azərbaycan və ABŞ arasında münasibətlərin AXC nümayəndə heyətinin Prezident Vudro Vilson ilə 1919-cu ildə Parisdə keçirdiyi görüşdən öz başlanğıcını götürdüyünü qeyd edən baş konsul bu gün bu əlaqələrin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Sonra çıxış edən Kaliforniya Ştat senatoru Coş Nyuman AXC-nin 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib. Senator Nyuman AXC-nin 100 illiyi ilə əlaqədar Kaliforniya Senatı adından müvafiq təbriknaməni baş konsul Nəsimi Ağayevə təqdim edib.