Bizi təhqir edirlər: susaq ya susmayaq?


Digərləri 24 May 2018 23:20:00 335 0

Bizi təhqir edirlər: susaq ya susmayaq?

Mübarək Ramazan ayının gəlişi yalnız dindarların sevinci və şövqü ilə səciyyələnmir. Bu ayda nəinki Allahın buyruqlarını, hətta Adının əksini həzm etməyənlər, bundan qıcıqlananlar bir qayda olaraq xeyli fəallaşırlar. Gah onları yaradan Rəblərini, gah Müqəddəs Kitabı, gah da müqəddəs şəxsiyyətləri təhqir edirlər.

Son.az islam.az-a istinadən bildirir ki, bu kimi hallar müşahidə edildikdə isə inanclılar arasında mümkün davranış ssenarilərin 2 variantı qızğın müzakirələrə səbəb olur. Bəziləri iddia edirlər ki, sözügedən təhqirlərə və hədyanlığa cavab vermək lazım deyil, bunları görməzdən gəlməliyik. Bu da təhqir yağdıranların son dərəcə dəyərsiz olmaları ilə izah edilir. Digər qrup isə tam fərqli düşünür. Onlar müqəddəs dəyərlərimizə ünvanlanan istənilən sözə və ifadəyə cavab verməyi zəruri sayırlar. Yaxşı, nə edək? Bir neçə sarsağın düşük replikalarını eşidək, görək və göz yumaq? Yoxsa dərhal reaksiya göstərək? Zənnimizcə, hər məsələdə olduğu kimi, burda da orta həddi gözləmək zəruridir. Daha dəqiq desək, hər bir konkret hadisəyə diferensial yanaşma lazımdır. Necə?

İstənilən addımı atmamışdan öncə onun effektliyini dəyərləndirməliyik. Məsələn, 100-cü dərəcəli bir saytda kimsə öz daxili çirkabını və nifrətini bayıra püskürübsə, ona gündəlik 20-30 min izləyicisi olan İnternet media resursunda cavab vermək böyük səhv olardı. Belə addım cavabdan və müqəddəs dəyərləri qorumaqdan çox bu dəyərsiz media mənsubunun və dəyərsiz müəllifin reklamı olardı. Və əksinə. TV kanalında və ya ən populyar saytlarda dini dəyərlər təhqir olunduğu təqdirdə buna ağılla, məntiqlə və yüksək əxlaq normalarını qorumaqla cavab verilməlidir. Bir sözlə, bəzi üzdəniraqları görüb və eşitməliyik, bəzilərini isə - yox.