Braziliyada Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib


Siyasət 24 May 2018 22:21:00 235 0

Braziliyada Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Mayın 23-də Braziliyanın paytaxtı Brazilia şəhərində, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə və 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-rin nümayəndələri və iş adamları qatılıblar.

Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, Səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü, yüz il öncə, Azərbaycanın müstəqilliyinin əldə edilməsi barədə ətraflı məlumat verib.

İkitərəfli müstəvidə də əlaqələrin sürətlə inkişaf etməsindən danışan Səfir, Braziliya Xarici əlaqələr naziri A.Nunesin keçən il Azərbaycana rəsmi səfərini xüsusi qeyd edib.

Həmçinin, Səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırıb.

Yekunda, Səfir Azərbaycan-Braziliya dövlətərarası əlaqələrinin dinamikası və inkişafı barədə danışıb.

Sonra, Braziliya Xarici əlaqələr nazirinin müavini Simas Maqalyayeş çıxış edib. Çıxışı zamanı qonaq bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Araz Əzimovun Braziliyaya səfərini, 2017-ci ildə isə Braziliya Xarici əlaqələr naziri Aloysio Nunesin Azərbaycana rəsmi səfərini və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri İlham Əliyevlə, Xarici işlər naziri Elmar Məmmədyarovla və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərini xatırladıb. Eləcə də, səfər zamanı Braziliya Xarici əlaqələr naziriliyi nəzdində Rio Branko İnstitutu ilə ADA Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını, Simas Maqalyayaeş öz çıxışında vurğulayıb.

Çıxışlardan sonra, braziliyalı musiqiçilərin tar və ud ifasında Azərbaycan milli musiqiləri qonaqlara təqdim edilib.

Daha sonra, Azərbaycanın müstəqilliyinin yüz illiyinə həsr edilmiş yüz ədəd Dövlət Bayrağı rənglərində rənglənmiş şarlar havaya buraxılmışdır.

Tədbirin davamı olaraq, qonaqlar milli və xarici təamlardan ibarət ziyafət masasına dəvət olunmuşlar və onlara müxtəlif hədiyyələr və Azərbaycan haqqında məlumat ehtiva edən materiallar təqdim edilib.

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.