Məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksi


Digərləri 24 May 2018 18:14:00 329 0

Məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksi

Bu gün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi "Paşa Holding", podratçısı isə "Kristal Abşeron" MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb.

Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzilli 11 yaşayış binası inşası olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.