Gələn həftə Bakıda Beynəlxalq Neft və Qaz sərgi-konfransı keçiriləcək


İqtisadiyyat 24 May 2018 16:06:13 276 0

Gələn həftə Bakıda Beynəlxalq Neft və Qaz sərgi-konfransı keçiriləcək

Tədbirə Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti dəstək verir

29 may-1 iyun tarixində Bakı Ekspo Mərkəzində Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi-konfransı keçiriləcək.

“Report” xəbər verir ki, bu il “Caspian Oil and Gas” sərgi və konfransı 25 illik yubileyini qeyd edir.

Sərginin işgüzar proqramını müşayiət edən Beynəlxalq “Caspian Oil & Gas” konfransı 30-31 may tarixində təşkil olunacaq.

“Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir. Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Bu gün keçirilən mətbuat konfransında "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki,sərgidə yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də xidmətlər təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edəcək. Onun sözlərinə görə, Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar:"Builki sərginin tərkibi tədbir iştirakçılarının 20%-ni təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Bu yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft və qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Sərgi iştirakçılarının 30%-ni təşkil edən yerli şirkətlər arasında da debütantlar var".

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təmsil etdiyi şirkətin hər il olduğu kimi bu il də tədbirə dəstək göstərdiyini qeyd edərək şirkətin fəaliyyətindən danışıb və bildirib ki, SOCAR beynəlxalq şirkətə çevrilib."SOCAR-ın gəlirlərinin 90%-dən çox hissəsi xaricdəki fəaliyyətindən əldə olunur. Şirkətin fəaliyyəti artıq milli resurslardan asılı deyil".

"İteca Caspian" şirkətinin nümayəndəsi Aynurə Nəzərli bildirib ki, konfransın açılışnda OPEC-in baş katibi Məhəmməd Barkindo iştirak edəcək.

Onun sözlərin görə, Konfrans çərçivəsində bir neçə memorandumun imzalanması gözlənilir.

O bildirib ki, bu il konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssisləri bir arada toplanacaqlar və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar.

Konfransda “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər-neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi- iddialar və imkanlar”, “Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər”, “Hasilatda olan yeniliklər”, “Energetika təhlükəsizliyi”, “Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq”, “Xəzəryani layihələr üzrə yeni imkanlar”, “Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyati və magistral boru kəməri”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili”, “Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarinin əhəmiyyəti. Konkret faktların təhlili”, “İnqilabi deyişiklər. Innovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri” adlı mövzuları müzakirə olunacaq.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın Platin sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, "Petronas","Statiol", Gümüş Sponsorlar - INPEX, "McDermott", Bürünc Sponsorlar – EGS, EY, "Dentons", "Lamor Corporation", "Nobel Upstream", SOCAR AQS, "Total", "Turkish Petroleum"çıxış edirlər.