Ermənistanda növbəti hayküy: təcriddən yalançı qurtuluş planları


Dünya 24 May 2018 15:01:00 305 0

Ermənistanda növbəti hayküy: təcriddən yalançı qurtuluş planları

Azərbaycanın dövlət başçısının hər addımı erməniləri təşvişə salır. Onlar İlham Əliyevin apardığı siyasətin potensialını və real gücünü yaxşı bilirlər. Dəfələrlə təcrübədə bunun şahidi olublar.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu dəfə də Azərbaycan Prezidentinin Naxçıvana səfərinə Ermənistanda çox əsəbi reaksiya veriblər. Bu ölkənin rəsmi şəxsləri o dərəcədə reallıq hissini itiriblər ki, "Naxçıvanı geri qaytarmaq lazımdır" kimi absurd sayıqlamalara uyublar. Naxçıvan harada idi ki, geri qaytarırlar? Bu qədim və gözəl Azərbaycan diyarı həmişə aid olduğu yerdədir - Azərbaycanda! Təbii ki, bu həqiqəti hətta ermənilər belə bilirlər. Lakin Ermənistan siyasi və analitik dairələrinin ifadə etdiyi bir sıra fikirlərin işığında meydana çıxa biləcək geosiyasi vəziyyət üzərində bir qədər ətraflı dayanmağa dəyər.

Erməni xülyası: acizlikdən yaranan çaşqınlıq

Ermənistanda hakimiyyət dəyişikliyinin cəmiyyətdə bir nikbinlik yarada biləcəyi ilə bağlı bəslənən ümidlər puça çıxıb. Yenə də Azərbaycanın atdığı addımlardan, Ermənistan rəhbərləri də daxil olmaqla, bütövlükdə siyasi dairələr təşvişə düşüb. Bu da sadə insanlarda, əslində, Ermənistanda hakimiyyət dəyişikliyinin qondarma bir proses olduğu rəyini yaratmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı ifadə etdiyi fikirlərə Ermənistan rəhbərliyinin reaksiyası bu tezisi bir daha təsdiq edir.

Naxçıvanda İlham Əliyev Ordunun hərbi əməliyyatlara yüksək səviyyədə hazır və düşmənə dağıdıcı əks-zərbə endirmək qüdrətində olduğunu bəyan etmişdi. Naxçıvanda yerləşən hərbi hissələrimiz müasir silahlarla təchiz edilib və lazım gəldikdə, əks-hücuma keçərək Ermənistan ordusunu darmadağın edə bilər.

Dövlət başçısının bu fikirlərinə dərhal İrəvan reaksiya verib. Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhəddə olan ərazilərə gedərək bir neçə hay-küylü fikir bildiriblər. İrəvanda isə Naxçıvanı işğal etməklə bağlı fikirlər səslənməyə başlayıb. Ermənilərin İlham Əliyevin məhz yuxarıda xatırlanan fikirləri ifadə etməsindən sonra belə hay-küy salmaları onu göstərir ki, qorxularından absurd şeylər uydurmağa başlayıblar. Onlar yaxşı bilirlər ki, nəinki Naxçıvana bir qarış belə daxil ola bilməzlər, hətta işğal etdikləri bütün Azərbaycan torpaqlarından tezliklə qovulacaqlar. Lakin erməni rəsmi dairələri üçün daxildə nüfuzunu qoruyub saxlamaq çox önəmlidir. İnsanlar anlamağa başlayırlar ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi faktiki olaraq müsbət heç nə vəd etmir. O, bir xəyalpərəst populist, məhdud düşüncəli ultramillətçidir. Bunun fonunda N.Paşinyan və onun komandasına etibar sürətlə azalır. Təbii ki, bu nüfuz itkisini kompensasiya etmək lazımdır. Erməni işğalçıları üçün indi ən asan üsul məqsədli hərbi əzələ nümayiş etdirməkdən ibarətdir.

Reallıqda isə rəsmi erməni dairələri başa düşürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Çox qısa zamanda bu Ordu İrəvana belə daxil ola bilər. Bunun üçün Ermənistanın havadarlarının bitərəf mövqe tutmaları kifayətdir. Ancaq təəssüf ki, bu, hələ baş vermir, əksinə, okeanın o tayından Ermənistana yeni təklif gəlib. ABŞ-ın müdafiə naziri yazıb ki, Ermənistanla idarəçilikdə islahatlar üçün 140 milyon dollar yardım məsələsini müzakirə edə bilərlər. Ekspertlər bunu həm də Vaşinqtonun Ermənistanda Rusiya maraqlarına hücumu kimi də qiymətləndirirlər.

Konkret deyilsə, ABŞ hakimiyyəti N.Paşinyana çatdırır ki, hökumətə dəstək məqsədilə maliyyə yardımı edə bilər, lakin bir şərtlə: hakimiyyətdə real islahatlar aparılmalı və müstəqil siyasət yeridilməlidir. Hamı bilir ki, bu, faktiki olaraq Moskvanın Ermənistandakı dayaqlarına zərbə vurmaqdır. Ermənistanda həqiqi islahatlar aparmaq mümkün olsaydı, bu günə qədər onlar aparılardı. İslahatların qarşısında dayanan başlıca maneə bu ölkənin kənar qüvvələrin təsiri altında olmasıdır.

Bunların fonunda Naxçıvanla bağlı yalan informasiyalar yaymaq çaşqınlığın əlamətidir. Burada Azərbaycan rəhbərliyinin Ermənistanın Azərbaycan torpaqları üzərində süni olaraq yaradıldığı ilə bağlı söylədiyi əsaslı fikirləri də unutmaq olmaz. Bununla rəsmi Bakı qətiyyətli mövqedə olduğunu, tarixi həqiqətləri bərpa etməkdən çəkinmədiyini bəyan edir. Bunun qarşılığında da erməni təbliğat maşını Naxçıvanla bağlı aqressiv fikirləri yaymağa çalışır. Təbii ki, ermənilərin bu xülyası boşa çıxacaq və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək. Bunlarla yanaşı, ekspertlər geosiyasi çalarlı başqa bir məqamı da vurğulayırlar.