"Riyad" Mühafizə Xidmətinin komandirinin cəzası azaldılıb


Sosial 24 May 2018 14:27:29 382 0

"Riyad" Mühafizə Xidmətinin komandirinin cəzası azaldılıb

Digər təqsirləndirilən şəxslərin hökmü qüvvədə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları - Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev, Təbriz Musayev və digərlərinin barələrində olan hökmdən verilən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin bəzi təqsirləndiirlən şəxslərlə bağlı hissəsində çıxardığı hökm dəyişdirilib.

Belə ki, Emin İsgəndərovun 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə, Savalan Məhərrəmovla Məzahir Qurbanovun 2 illik cəzası isə 1 ilə endirilib.

Digər təqsirləndirilən şəxslərin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

Br müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər - A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.

Xatırladaq ki, E.İsgəndərov "Riyad" Mühafizə Xidmətində komandir vəzifəsində çalışıb.