AHİK-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi qeyd edilib (FOTO)


Digərləri 24 May 2018 13:52:21 289 0

AHİK-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi qeyd edilib (FOTO)

AHİK-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi qeyd edilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib. Trend-in məlumatına görə, tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atıb. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir. S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil. Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli sərəncamı və dövlət başçısının 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd edib. Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.