Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib


Digərləri 24 May 2018 13:31:00 296 0

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ümumi dəyəri 3,4 milyon dollar olan yeni bir layihəyə start verib.

Bakı. Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ümumi dəyəri 3,4 milyon dollar olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər. Trend-in məlumatına görə, əsasən Azərbaycanın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilib. Layihə 2020-ci ilədək davam edəcək. Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcək. Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə inkişaf proqramının əsasını təşkil edir və daha çox qlobal məqsədlər kimi tanınan dayanıqlı inkişaf məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü məqsəd: keyfiyyətli təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını nəzərdə tutur. Əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə, hazırda yüksək keyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır. Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir.