Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır


Digərləri 24 May 2018 10:29:42 283 0

Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır.

Son.az xəbər verir ki, Mlli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Trend-ə bildirilib ki, ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar həmin ildə I sinfə qəbul olunacaqlar. Bununla bağlı "Təhsil haqqında" qanuna yeni əlavələr edilir.

İ.Həbibbəyli qeyd edib ki, 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən bürokratik əngəllər olurdu:

"Bəzən deyirdilər ki, uşağın I sinfə qəbulu üçün 5-6 ay çatmır, gərək uşağın 6 yaşı tamam olsun. Bu da narazılığa yol açırdı".

İ.Həbibbəyli bildirib ki, əvvəllər ölkədə məktəbəhazırlıq qruplarının sayı kifayət qədər olmadığından 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.

Komitə sədri qeyd edib ki, qanuna edilən yeni dəyişiklik 5 yaşlıların hamısının məktəbəhazırlıq qruplarına cəlbinə imkan yaratmaqla yanaşı, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların I sinfə qəbuluna imkan yaradacaq:

"Belə olan halda, vaxtından əvvəl I sinfə qəbul üçün 6 yaşı tamam olmayan uşaqların istedadlarının xüsusi komissiyalar tərəfindən yoxlanılmasına lüzum qalmayacaq. Çünki bütün hallarda 5-6 yaşlıların hamısı maneəsiz təhsilə cəlb oluna biliəcəklər".