"Rusiya müdaxiləsindən sonra müdafiəni gücləndirdik"


Digərləri 24 May 2018 08:45:00 230 0

"Rusiya müdaxiləsindən sonra müdafiəni gücləndirdik"

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq Brüsseldə, Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili işlər Komitəsində keçirilən dinləmələrdə çıxış edib.

İKT.lent.az-ın xəbərinə görə, dinləmələr 87 milyon istifadəçinin məlumatlarının sızması ilə bağlı qalmaqalla əlaqədar təşkil olunub.

M. Zukerberq etiraf edib ki, sosial şəbəkə yalan (fake) xəbərlərin yayılmasını, seçkilərə xarici müdaxilələri və istifadəçi məlumatlarından sui-istifadə hallarını əngəlləyə bilməyib: "Biz öz məsuliyyətimizi yetərli səviyyədə dərk etməmişik. Bu, səhv idi və mən üzr istəyirəm". 

"Rusiyanın ABŞ seçkilərinə müdaxiləsindən sonra müdafiəni gücləndirmişik"

M. Zukerberq bildirib ki, "Facebook" ABŞ-dakı 2016-cı il prezident seçkilərindən lazımi nəticələr çıxararaq öz işini təkmilləşdirib: "Biz ABŞ-dakı prezident seçkilərinə Rusiya müdaxiləsini müəyyənləşdirməkdə çox gec davrandıq".

O qeyd edib ki, hazırda sosial şəbəkə bütün dünya üzrə seçkilər zamanı dezinformasiyaların identifikasiyası və silinməsi üçün daha yaxşı hazırlanıb. Belə ki, ötən müddətdə bir sıra vacib seçkilər, o cümlədən Fransadakı prezident, Almaniyadakı parlament seçkiləri, eləcə də ABŞ-ın Alabama ştatındakı Senat seçkiləri zamanı "Facebook"un işi təkmilləşdirilib: "2017-ci ildə Fransadakı seçkilər zamanı biz 30 min saxta səhifə aşkarladıq". 

"Təhlükəsizlik tədbirləri gəlirlərimizi azaldacaq"