Fərid Cəfərov: Azərbaycan Respublikasının Gənclər Fondununun fəaliyyəti daha geniş olacaq (MÜSAHİBƏ)


Digərləri 24 May 2018 07:40:00 361 0

Fərid Cəfərov: Azərbaycan Respublikasının Gənclər Fondununun fəaliyyəti daha geniş olacaq (MÜSAHİBƏ)

Azərbaycan Respublikasının Gənclər Fondununun fəaliyyəti daha geniş olacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun Trend-ə müsahibəsi - Fərid müəllim, Gənclər Fondu bu il ərzində hansı işlər görüb və qarşıda hansı işlərin görülməsi nəzərdə tutulur? - Azərbaycan Respublikasının Gənclər Fondu artıq 2011-ci ildən fəaliyyət göstərir və o dövrdən etibarən gənclərin, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini həyata keçirib, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsini dəstəkləyib, gənclərin xaricdə tədbirlərdə iştirakını maliyyələşdirib. Təkcə ötən il 10-cu qrant müsabiqəsi çərçivəsində 600-ə yaxın layihə Fond tərəfindən maliyyələşdirilib. Bundan sonrakı fəaliyyət daha geniş formada olacaq, çünki 7 mart 2018-ci il tarixində cənab Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi dəyişib, Fonda müxtəlif yeni vəzifələr həvalə olunub. Ona görə də qrant müsabiqələri ilə yanaşı, yeni fəaliyyət istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Hazırda Fond tərəfindən 10-cu qrant müsabiqəsi üzrə maliyyələşdirmə davam edir, eyni zamanda, bu il 11-ci qrant müsabiqəsinin keçirilməsinə hazırlıq gedir. Fond tərəfindən bu il bir sıra tədbirlər, o cümlədən Xocalı soyqırımının anılması, Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbirlər keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı da gənclər üçün böyük tədbirin keçirilməsi nəzərdə tutulur. - Qeyd etdiniz ki, yeni nizamnamə ilə Fondun üzərinə yeni vəzifələr qoyulub. Bu vəzifələr nədən ibarət olacaq? Ümumiyyətlə, Gənclər Fondu yaradılarkən qarşıya qoyulan məqsədlərə nail olunub, yoxsa hələ görüləsi çox iş var? - Bildiyiniz kimi, Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi. Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur. Qısa desək, yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, gənclərin məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir. Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib. - Bir müddət öncə qeyd edilmişdi ki, Gənclər Fondu sahibkarlığın inkişafına dəstək göstərə bilər. Bu dəstək hansı formada mümkün ola bilər? - Qrantlar haqqında qanunvericilik var. Bu qanunvericiliklə qrantların hər hansı bir mənfəət gətirən sahəyə yönəldilməsi məhdudlaşdırılır. Bu baxımdan həmin qrantlardan istifadə edərək hər hansı sahibkarlıq fəaliyyətinin qurulması kimi praktika müşahidə olunmayıb. Lakin Gənclər Fondu olaraq, biz gənclərin bütün sahələrdəki inkişafını, o cümlədən gənc sahibkarların inkişafını, onların maddi durumunun yaxşılaşdırılmasını dəstəkləməkdə məsuluq və maraqlıyıq. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qrant şəklində olmur. Bunu biz innovativ layihələrin, “startap”ların güzəştli kreditlər formasında maliyyələşdirilməsi ilə həyata keçirməyi nəzərdə tuturuq. Bundan başqa, hazırda biz sosial sahibkarlıq fəaliyyətinin hansısa formada Fond tərəfindən dəstəklənə biləcəyi ilə bağlı təklifləri araşdırırıq, təhlil edirik və bu sahədə də fəaliyyət göstərməyə çalışacağıq. Gənclərin məşğulluğunun artırılması isə fərqli bir proqramdır. Burada söhbət onların qrant şəklində maliyyələşdirilməsindən getmir. Bu proqram çərçivəsində biz təcrübəsi olmayan gənclər işə götürüldüyü zaman onların bir il müddətində əməkhaqlarının 50 faizini, yaxud müəyyən bir hissəsini razılıq əsasında maliyyələşdirməyi öz üzərimizə götürürük ki, bu da işəgötürənə gəncləri işə qəbul etmək üçün bir stimul olsun. - Gənclərin innovativ layihələrinin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi nə zaman və hansı formada mümkün olacaq? - Yeni nizamnaməyə əsasən, bu cür kreditlərin Gənclər Fondu tərəfindən müvəkkil bank və ya bank olmayan kredit təşkilatı vasitəsilə verilməsi nəzərdə tutulur. Bilirsiniz ki, Azərbaycanda bir çox sahələrdə güzəştli kreditlərin verilməsi praktikası mövcuddur və bu istiqamətdə uzun müddətdir fəaliyyət göstərən fondlar var. Gənclər Fondu da həmin fondların təcrübəsindən yararlanaraq və müəyyən innovasiya qataraq bu istiqamətdə fəaliyyət göstərməyi planlaşdırır. Nizamnamədən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müəyyən qaydalar üzrə sənədlər var ki, hazırda biz o sənədlərin layihələrini hazırlayıb aidiyyəti qurumlarla razılaşdırırıq və müvafiq qurumlar tərəfindən təsdiqlənməsini gözləyəcəyik. Bütün bu sənədlər təsdiqləndikdən sonra biz güzəştli kreditlərin verilməsi istiqamətində əməli fəaliyyətə başlayacağıq.