Fuad Poladov 70...


Kriminal 24 May 2018 00:02:00 307 0

Fuad Poladov  70...

Bütün müstəsna istedadlı, üstəlik son dərəcə nadir keyfiyyət olan tam şəxsiyyətli insanlar kimi onun da haqqında yaranan təəssüratlar bəsit, birxassəli müsbət çalarda deyildi. Onu yalnız televiziya ekranında görən tamaşaçıların da, iştirakı ilə sənət bayramı yaradan səhnə əsərlərini, filmləri mütəmadi izləyən teatralların da, kinomanların da, həmkarlarının və bu və ya digər dərəcədə onunla ünsiyyətdə olmuş hər kəsin özünün FUAD POLADOVU (24 may, 1948 - 5 may, 2018) var idi. Son dərəcə ədəb-ərkanlı, qədərində zəhmli, qədərində yumşaq, mülayim rəftarlı, qarşısındakı və ya onun haqqında danışan insanın onun adına münasibətdə mütləq qaydada hörmətlə bulunacağının istisna olmadığı, bəzilərinin çəkindiyi (o dərəcədə ki, gənclik sevgisi haqqındakı əhvalatı dünyasını dəyişən kimi açıqladılar, həm də əlahiddə bir fakt kəşf edibmiş kimi. Halbuki o əhvalatı əksəriyyət bilir və ya eşidib, amma müxtəlif versiyalarda. Özü bu haqda bir dəfə də olsun açıqlama verməyibsə, o əhvalata birbaşa aidiyyəti olan şəxslər artıq dünyalarını dəyişiblərsə və deməli məsələnin əslini heç vaxt bilməyəcəyiksə, ehtimal xassəli təfərrüatlar nəyə və kimə lazımdır?), bir çoxlarının pərəstiş etdiyi və istənilən halda hər kəsin dəyər verdiyi mərd bir Adam. Hər şey çox sadədir: insanın özünə, "mən"inə, prinsiplərinə verdiyi dəyər, göstərdiyi ehtiram onun başqalarına və başqalarının onun özünə münasibətdə əks olunur. FUAD POLADOV özünə son dərəcə hörmətlə yanaşan insan idi (Allah o gündən saxlasın ki, özünə hörmətlə yanaşmağı adamlar "mən", "mənə", "mənimdir" prizmasının miskinliyi ilə səhv salmasınlar). FUAD POLADOV dünyaya gəldiyi gün Allah bizi məhz o miskinlikdən hifz edib...

Bir epizod heç yadımdan çıxmaz: Hacı Murad Yagizarovla Rus Dram Teatrının qrim otağında müsahibəm var idi. Fuad Poladovla eyni qrim otağını bölüşürdülər və həmin vaxt da aralarında nəsə narazılıq yaranmışdı, dəqiq yadımda deyil nə məsələ idi... Bir azdan Fuad müəllim içəri daxil oldu... və... onlar küsülü olsalar da Yagizarovun həmkarına səmimi ehtiramının şahidi oldum. Hətta sanki aralarındakı yaş fərqi Yagizarovun deyil, Poladovun üstünlüyündə idi. Fuad müəllim otaqdan çıxandan sonra Murad müəllim söhbət əsnasında teatr intriqaları, həmkarlarının mənəvi-əxlaqi keyfiyyətləri haqqında müşahidələrini, mülahizələrini də bölüşdü. Vurğuladı ki, keçməkdə olduğu kifayət qədər böyük sənət yolu boyunca insan, sənət adamı olaraq məsuliyyətini dərk edib özünü hər zaman, hər yerdə müvafiq tərzdə aparan az sayda həmkarlarından biri məhz Fuad Poladovdur, bəzi cəhətlər baxımından isə hətta yeganədir.

Onun yaradıcılıq yolunun (1969-1989 - Akademik Milli Dram Teatrı, 1989-cu ildən ömrünün sonuna kimi S.Vurğun adına Rus Dram Teatrı) Rus Dram Teatrına aid hissəsini belə təfərrüatlarla xatırlamağım təsadüfi deyil. Hər hansı şərhsiz bircə onun deyim ki, Fuad Poladov səhhətindəki nasazlıqla əlaqəli aktyorluq fəaliyyətini davam etdirə bilmədiyi ötən teatr mövsümündə Rus Dram Teatrının rəhbərliyi onun rollarını başqa bir aktyora həvalə etmədi, həmin tamaşalar sadəcə repertuardan çıxarıldı. Və bundan sonra da həmin tamaşaların bərpası nəzərdə tutulmur, bildiyimə görə. Bu qərar tam mənada FUAD POLADOV şəxsiyyətinə və sənətkarlığına verilən layiqli dəyərdir... Acı itkilərin acılığı da müxtəlif olurmuş - bəziləri dərhal yandırır, bəziləri isə əvvəl dondurur, sonradan yandırmağa başlayır. Fuad Poladovun vəfatı xəbəri məni həmin gün tam donmuş vəziyyətə saldı, boşluğun böyüklüyünün dəhşətindən ağlaya da bilmədim, həm də inanırdım ki, yaxşılaşıb işinə-gücünə qayıdacaq. Ümumiyyətlə, mənə həmişə elə gəlirdi ki, o, şəxsiyyətinin çirkablaşmasına, adının və soyadının mənalarına (Fuad - ərəbcədən tərcümədə "ürək" deməkdir, Polad sözünün anlamı isə məlumdur) zərrə qədər belə xələl gəlməsinə imkan vermədiyi kimi özünün fiziki sağlamlığının da qeydinə qalırdı... Nə acı ki belə deyilmiş...