“Gürcüstan hökuməti Ermənistana alternativ yolun açılmasına razı olmayacaq”


Dünya 23 May 2018 17:18:00 222 0

“Gürcüstan hökuməti Ermənistana alternativ yolun açılmasına razı olmayacaq”

Gürcüstan işğal altındakı ərazilərdən Ermənistana tranzit dəhlizinin açılmasına razılıq versə, bu, işğal olunmuş torpaqların iqtisadi cəhətdən qanuniləşdirilməsi sayılacaq.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

Ekspert bildirib ki, Gürcüstan dəhlizin açılması ilə bağlı addım atsa, işğal altında olan ərazilərin tanınmaması siyasəti şübhə altına alına bilər: "Bu yolun hüquqi və texniki cəhətdən açılması mümkün olsa da, bu məsələ o qədər müzakirə olunub ki, yolun hələ 10 il də açılmayacağı ilə bağlı təəssürat formalaşıb. Bu barədə qərar texniki müzakirə formatı olan Abaşidze-Karasin görüşündə deyil, Rusiya-ABŞ münasibətləri formatında qəbul olunacaq".

G. Vasadze hesab edir ki, Vaşinqtonun razılığı olmadan Gürcüstan rəhbərliyi bu yolun açılmasına razı olmaz: "Əgər bu dəhliz açılsa, Vaşinqton və Moskva arasında region üzrə böyük sövdələşmənin bir hissəsi olacaq. Bu sövdələşmədə Vaşinqton yalnız Gürcüstan tərəfindən iştirak edəcək. Azərbaycan və Ermənistan tərəflərini isə böyük ehtimalla Moskva təmsil edəcək".