Azərbaycanda aqrar sığorta fondu yaradılacaq (FOTO)


Digərləri 23 May 2018 17:17:00 270 0

Azərbaycanda aqrar sığorta fondu yaradılacaq (FOTO)

Palata Kənd təsərrüfatı sığortasına dair tədbir keçirib

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin, həmçinin Türkiyə Respublikasının aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan “TARSİM” əməliyyat modelinin fəaliyyətinə dair təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri, bank və sığorta şirkətlərinin, fermerlər assosiasiyasının fəal üzvləri iştirak ediblər. Təqdimat mərasimini çıxış nitqi ilə açan Palatanın Baş icraçı direktoru İbrahim Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kənd təsərrüfatı sığortası üzrə dayanıqlı və davamlı modelinin formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” qeyd olunan prioritetdən biridir. İ.Alışovun sözlərinə görə, bu istiqamətdə Palata və yaradılmış müvafiq işçi qrupu tərəfindən ABŞ, İspaniya, İsrail, Kanada və Türkiyə Respublikasının aqrar-sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə araşdırılmış, habelə Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan “TARSİM” modeli öyrənilib. Yerli və beynəlxalq ekspertlərin birgə səmərəli əməkdaşlığı nəticəsində ölkə üçün məqbul hesab edilən “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin yekun modeli aidiyyəti qurumlara rəylərin bildirilməsi üçün təqdim edilmişdir. Baş icraçı direktor bildirib ki, bu qanun layihəsi ölkədə qeyri neft sektorurun inkişafına əlavə dəstək vermiş olacaq.