Azərbaycanda uçuşların təhlükəsizliyinə nəzarət üzrə “1-ci Kateqoriya” qüvvədə saxlanılıb


Digərləri 23 May 2018 17:04:00 255 0

Azərbaycanda uçuşların təhlükəsizliyinə nəzarət üzrə “1-ci Kateqoriya” qüvvədə saxlanılıb

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib.

Bakı. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk dəfə 2014-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində apardığı qiymətləndirmə nəticəsində Azərbaycana “1-ci Kateqoriya” səviyyəsi verilib. Təqdim olunan bu səviyyəyə əsasən, Azərbaycan aviaşirkətləri ABŞ-a birbaşa müntəzəm uçuşlar həyata keçirmək hüququna malik idi. Buna baxmayaraq, 2015-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) tərəfindən keçirilmiş geniş audit zamanı Beynəlxalq Standartlara uyğunluq faizinin aşağı düşməsi (58%-dən 43%-ə) FAA tərəfindən Azərbaycana verilmiş Aviasiya Təhlükəsizliyi üzrə “1-ci Kateqoriya”nın “2-ci Kateqoriya”ya endirilməsi və ABŞ-a uçuşlara məhdudiyyət qoyulması təhlükəsi yaratmışdı. Təhlükəsizlik Kateqoriyası aşağı salınan dövlətlərin təcrübəsi göstərir ki, yenidən “1-ci Kateqoriya”ya qayıtmaq prosesi çox çətin keçir və uzun illər tələb edir. Bu baxımdan, son iki il ərzində mülki aviasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində geniş tədbirlər görülüb: Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” yaradılıb, “Aviasiya Haqqında” Qanuna zəruri əlavələr edilib.