AIESEC Azərbaycan ən böyük tədbirini Youth Speak Forumunu uğurla yekunlaşdırdı


Digərləri 23 May 2018 16:35:00 310 0

AIESEC Azərbaycan ən böyük tədbirini  Youth Speak Forumunu uğurla yekunlaşdırdı

20 May 2018-ci il tarixində beynəlxalq gənclər təşkilatı olan AIESEC Azərbaycan ən böyük tədbirini - Youth Speak Forumunu uğurla yekunlaşdırdı. Forum Pullman Otelində baş tutdu.

Youth Speak Forumu Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM barədə məlumatlandırmaq və agah etmək məqsədi daşıyan vasitələrdən biridir. Forum Azərbaycanın dövlət, ictimai və korporativ sektorlarının aparıcı şirkətlərindən yüksək ixtisaslı mütəxəssislər, natiqlər və Azərbaycan gənclərini bir araya toplamaqla, onları bir sıra müzakirələrə, fikir mübadiləsinə, seminarların keçirilməsinə və komanda işinə yönəldilmiş tədbirdir.

Forumun açılış mərasimində BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsi  Qulam İsakzai, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin sədri  Hicran Hüseynova, EY Azərbaycanın İnsan Resursları departamentinin rəhbəri Samira Şabanova və Forumun rəsmi qonağı olan Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev AIESEC Azərbaycan təşkilatının gənclər arasında fəal iştirakından bəhs etdilər. Bundan əlavə, AIESEC Azərbaycan təşkilatının sədri Aminə Məlikova və forumun layihə rəhbəri Elmira Allahverdiyeva bütün iştirakçılara dərin minnətdarlıqlarını bildirdilər və onlara səmərəli bir forum arzuladılar.

Youth Speak Forumu hər il olduğu kimi bu ildə, üç müxtəlif Davamlı İnkişaf Məqsədləri üzrə: "Gender bərabərliyi", "Layiqli əmək və iqtisadi artım" və "Sənaye, İnnovasiya və İnfrastruktur" mövzularında interaktiv seminarlar ilə davam etdi. Forumun məruzəçiləri keçirilimiş seminarlarda növbəti mövzular üzrə çıxış etdilər: "Best Solutions" şirkətinin icraçı direktoru Yana Krimpe tərəfindən ""Azərbaycanda rəqəmsal vətandaşlığın və innovativ ekosistemin yaradılmasının və dəstəklənməsinin təmin olunmasında biznes və hökümət qurumlarının rolu", Azərsun Holdinq-in Təlim və İnkişaf meneceri  Elçin Əzimli tərəfindən "Xəyallarınızdaki iş üçün ideal namizəd olmağın yolları", "Youth Inc." Biznes İnkubasiya Mərkəzinin icraçı direktoru Ələkbər Mustafayev tərəfindən "İnnovativ start-uplar qurmağın yolları"; Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin Gender Bərabərliyi üzrə mütəxəssisi və Bakı Dövlət Universitetinin məruzəçisi Zümrüd Cəlilova tərəfindən "Müasir Cəmiyyətdə Gender Bərabərliyi", TalentPort şirkətinin icraçı direktoru Nazənin Cavadova tərəfindən " "Gənclərin işə alınması və karyerada ilk addımları ", Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin Hüquq Şöbəsinin rəhbəri Taliya İbrahimova tərəfindən "Gender bərabərliyi- Firavan ailənin təməli kimi".