“ADA" Universiteti tələbə start-up layihələrini qiymətləndirib (FOTO)


Digərləri 23 May 2018 16:28:52 282 0

“ADA" Universiteti tələbə start-up layihələrini qiymətləndirib (FOTO)

“ADA" Universiteti tədris ilinə yekun vuraraq “ADA Innovation Awards 2018” mükafatının təqdimetmə mərasimini keçirib.

Bakı. “ADA" Universiteti tədris ilinə yekun vuraraq “ADA Innovation Awards 2018” mükafatının təqdimetmə mərasimini keçirib. Universitetdən Trend-ə verilən məlumata görə, mükafata 18 tələbə layihəsi namizəd olub. Layihələr dünya şöhrətli alim, ADA Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə münsiflər heyətinin mühakiməsinə verilib. Tələbələrin start-up layihələrini münsiflər heyətinin üzvü olan Universitetin Biznes İnstitutu və İT və Mühəndislik İnstitutunun müəllimləri ilə yanaşı, Barama, Code Academy, “Nar”, Pasha Bank, Pasha Holding və Gilan Holdingin nümayəndələri orijinallıq, komanda işi, biznes modeli, aidiyyatlı strateji sahə və digər amillər üzrə dəyərləndiriblər. Səsvermənin nəticələrinə əsasən, ictimai iaşə yerlərindən səmərəli istifadəni təmin etmək üçün ərazinin məşğulluğunu hesablayan “ADA Smart FM” tətbiqi üçüncü, əcnəbi turistlərə Bakıda ehtiyac olan dildə bələdçi tapmağa yardım edən “Guideto” tətbiqi ikinci, tələbələrə yaxşı qavramadığı dərsləri izah edəcək materialları təklif edən “Mytutor.az” veb platforması isə birinci yeri qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı 2018-2019-cu tədris ilində ADA İnnovasiya Mərkəzinin “sakinləri” titulunu alıblar.