“O, mənim dayım deyil, yalan sözdür”


Şou-biznes 23 May 2018 13:20:00 300 0

“O, mənim dayım deyil, yalan sözdür”

Müğənni Zamiq Hüseynov müsahibə verib.

Son.az qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

- Azərbaycanda hamıda belə fikir formalaşıb ki, gənclər musiqi üçün heç nə etmirlər. Amma siz "Kaman"ı elə ifa etdiniz ki, Azərbaycanda hələ də yaxşı səslərin olduğunu, amma onlara qarşı laqeyd olduğumuzu düşündük. "Kaman"ın yaradıcılığınızda yeri nədir? İlhamə Quliyevadan sonra o mahnını oxumaq sizə çətin deyil ki? 

- Azərbaycanda fərqli zövqlü dinləyicilər-caz, estrada, muğama qulaq asanlar var. Həmçinin beş günlük mahnılara da qulaq asanlar az deyil. "Kaman" elə bir mahnı oldu ki, onların hamısını bir yerə topladı. Bütün dinləyici kütləsi bu mahnını sevdi. Bilirsiniz ki, bu mahnını İlhamə Quliyeva oxuyub. Bəzən qulağıma çatır ki, Zamiq hardasa deyibmi, bu mahnını kim ifa edib? Ümumiyyətlə, bu mahnı yaranan gündən bütün çıxışlarımda çalışıram ki, bunu qeyd edim. Çünki bunu demək borcumdur. Bu mahnının möhürünü İlhamə xanım vurub, biz isə bu mahnıya yeni nəfəs vermişik. "Sən necə də gözəlsən" mahnım əsrlər boyu səslənəcək. Yüz il sonra da bu mahnı oxunanda yeni mahnıymış kimi dinləyəcəklər. "Kaman"ı bir gecəyə hazırlamışıq. Saat 10-da başlayıb 12-də bitirmişik. Həyatımda elə bir şey olmayıb ki, bir günə aranjiman bitsin, iki saata səs yazılsın. Belə bir şey olmayıb, kimə desən gülməyi gələr. Deməli, bu mahnının qismətində bu var imiş. Böyük sənətkarlardan sonra bu mahnıları ifa etmək böyük məsuliyyət tələb edir. Amma mənə dedilər ki, İlhamə xanımın xatirəsinə albom hazırlanır, müğənnilər İlhamə xanımın repertuarından olan musiqiləri ifa edir və istəyirik ki, bir mahnını da siz ifa edəsiniz. Hansı mahnının adı çəkildisə dedilər ki, bunu artıq seçiblər. Mən də dedim ki, axırıncı mənə deyəcəkdinizsə heç deməzdiniz. Axşam baxanda qarşıma "Kaman" çıxdı. "Kaman"a qulaq asa-asa beynimdə bu ritm səsləndi. Mənim anarjimançı dostlarım çoxdu. Beləcə, bu mahnı hazır oldu.

- "Cənnətimsən" mahnısını "Kaman"a bənzədirlər. Ona görəmi bu mahnıya üstünlük verdiniz ki, "Kaman" kimi uğur gətirsin? 

- Aranjiman baxımından ola bilər. Çünki musiqidə saz da var idi. Sanki "Kaman"a bənzərlik kimi elədik. Dedim bəlkə bu da yaxınlaşar ona. Amma baxırsan ki, "Kaman" başqa bir şey idi. "Cənnətimsən" mahnısının bəstəsi mənə aiddir, sevə-sevə ifa etmişəm. Dinləyicilər də bildirir ki, çox yaxşı mahnıdır. 

- "Kaman", "Elnarə" kimi mahnıların ikinci ifaçısı olsanız da, öz mahnılarınızdan daha populyar oldu. Bu, nə ilə bağlıdır? 

- "Elnarə"ni kanalların birinin yeni il proqramında köhnə aranjimanda oxudum. Sonra baxdım ki, dinləyicilərim izləyirlər. Fikirləşdim ki, yenidən aranjiman olunsun. Çünki istəməzdim ki, mahnı köhnə aranjimanda populyar olsun. Orada da vaxt az idi deyə, çatdırma bilmədik. 

- Siz Azərbaycanda tez-tez klip çəkən müğənnilərdənsiniz. Həm də kliplərinizdə bir çox həmkarlarınızın risk etmədiyi səhnələrə çəkilirsiniz. Azərbaycan izləyicisində illər əvvəlki "Uçduq" klipində olan açıq səhnələrə olan reaksiyanın dəyişdiyini hiss edirsiniz? 

- Bir foto paylaşsaq, şərhlərdə yazılacaq ki, "Zamiq super, ela, bəyəndik" və yaxud da əksinə " vay-vay, biabırçılıq" və sair. Üç min, beş min şərh və hamısı da biri-birinin arxasıyca nə gəldi yazır. Bəzən insanlar öz fikirləri ilə yanaşmırlar. Yıxılıbsa vuraq, yaxşıdırsa tərifləyək. Saya baxırlar ki, neçə nəfər yazıb. İşi alqışlamaq lazımdır, riskli də olsa, nə olursa-olsun, insan iş görübsə, əlbəttə onu tənqid etmək olar. Məsələn, bu kadrı sevmədim, bu, belə olsaydı yaxşı olardı. Çox yüngül və gözəl yanaşmaq lazımdır. "Uçduq" klipi bu gün olsaydı, daha çox tənqid olunardı. Bəzən görürəm ki, səhifənin aşağısında şərhlərdə söyüş də yazırlar. Mən baxıram və bunu yazan insanlara yazığım gəlir. Bu gün bir şeyi bəyənmirsə, demir bəyənmirəm, birbaşa təhqirə keçir. İstəyirəm ki, o insanları hər yerdə bloka atsınlar. İnsanları təhqir edib alçaldıcı sözlər demək olmaz. Sən kimsən ki, insan haqqında çox ağır söz yazasan. Amma inanıram ki, hər şey yaxşı olacaq. Buna həmişə inanmışam. Müxtəlif dinləyici kütlələri var. Amma mən çalışacam ki, həmişə Zamiq kimi oxuyum. 

- Kənardan görünür ki, şou-biznesdə heç kəslə əlaqəniz yoxdur. Sizi sevmirlər, yoxsa siz onları sevmirsiniz? 

- Sənətdə sevdiyim insanlar çoxdur. Ancaq paxıl, gözügötürməyən insanlar da var. Bunların hamısının içində olmaq və yaxşı baş çıxarmaq da çox çətindir. Mən sənətkara qiymət verən insanam. İfaçının xasiyyətinə yox, ifa etdiyi mahnısına qiymət verirəm. Mahnıya qulaq asanda o dəqiqə xasiyyəti yadımdan çıxır. Amma musiqi bitəndən sonra o müğənnini necə tanıyıramsa, elə də gözümdə canlanır. Sənət aləmində dostum çox azdır. O demək deyil ki, heç kəsə inanmıram. Yox! Sadəcə, illərdir baxdım ki, məni istəyən insanlar azdır və gözügötürməyən insanlar çoxdur. Təmiz insanlar azdır və onlar nə qədərdirlərsə, hamısı mənim yanımdadır. Məni sevməyənlə necə oturub-durum? Və mən baxıram ki, kim məni sevmirsə, təmiz yanaşmırsa, ondan uzaqlaşıram. Ona görə kənardan elə görünür ki, Zamiqin çox dostu yoxdur. Amma əslində çox dostlarım var. Sadəcə, mən sevgimi, istəyimi instaqramdan bildirim, xoş sözlər yazım yalandan. Bu, məndə yoxdur. Amma belə görünür ki, Zamiqin dostu yoxdur, deməli belə olmalıdır. 

- Hamı sizi eqosu yüksək biri kimi tanıyır. Kənardan belə görünür, yoxsa özünüz belə obraza girirsiniz? 

- Mən uşaqlıqdan seçilməyi sevmişəm. Bu da özündən razılığa, özünü sevməyə gətirib çıxarır. Bir insan özünü sevməsə, başqalarını sevə bilməz. Və bir insan özünə baxmırsa, öz geyiminə, təmizliyinə diqqət eləmirsə, o insan o birilərinə də baxmayacaq. Özümdən niyə razı olmayım?! Məni tanıyanlar deyir ki, biz sənin barədə belə düşürdük, amma yanılmışıq. Mənfi enerji aldığım insanlardan mən uzaqlaşıram, gözləmirəm ki, onlar məndən uzaqlaşsın. 

- Azərbaycanda bugünkü azarkeşlər bizim müğənnilərə azarkeşlik etməyi sanki özlərinə sığışdırmırlar. Türkiyədən isə hər hansı müğənni gəldikdə ona münasibət tamam başqa cür olur. Sizcə, pərəstişkarlar öz müğənnilərimizə qarşı niyə komplekslidir? 

- Sözün düzü, mən bu barədə çox fikirləşmişəm. Doğrudan da niyə belədir? Bəlkə biz onlara çox adi gəlirik. Bəlkə biz çox gözə görünürük. Hərdən özüm də fikirləşirəm ki, bunu necə etmək olar?! Amma baxıram ki, yox. Belə bir şey olmuşdu. Kənan Doğulu Bakıya gəlmişdi. Yerli müğənnilər də yanında oturmuşdu. Bütün mikrofonlar Kənan Doğulunun qabağına qoyulmuşdu. Ancaq ona suallar verirdilər, bizimkilər də qalmışdı kənarda. Bu, xoşuma gəlmədi. Amma mən özümünkünü hamıdan çox istəyirəm. Öz müğənnimi heç bir əcnəbi müğənniyə dəyişmərəm. Xaricdə olanda dostlarımla da mübahisəm olub ki, azərbaycanlının ən pisinin belə qadasını alım. Mən istəyirəm ki, özümüzü öndə tutaq və öndə görək. Bizim musiqimiz dünyada öz yerini tapmış musiqidir. Hər zaman çalışmalıyıq ki, özümüzünkünü hamıdan çox alqışlayaq. 


Xəbərə aid fotolar