Arif Alışanovun qardaşı məhkəmədə ifadə verdi


Digərləri 23 May 2018 13:23:00 258 0

Arif Alışanovun qardaşı məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmiş qismində A. Alışanovun sürücüsü Azər Babayev ifadəsində deyib ki, Şamaxıda A. Alışanov tərəfindən onun adına torpaq sahəsi alınıb: "Ancaq neçə hektar olduğunu və torpaq sahəsinin qiymətini xatırlamıram. Mənim heç nədən xəbərim olmayıb. Bütün alqı-satqını Şücayət həyata keçirib. Arif Alışanov Şücayətə tapşırmışdı ki, torpaq sahəsi alınsın".

A. Babayev vəkilin suallarını cavablandırıb.

Sual-cavab mərhələsində Ş. Əkbərovun vəkili ilə zərərçəkmiş şəxsin vəkili arasında A. Babayevə verilən suallara görə mübahisə düşüb. Hakim vəkillərə xəbərdarlıq edib.

Ş. Əkbərov deyib ki, torpaqların alqı-satqısında iştirak etməyib: "Zərərçəkmiş yalan danışır, alınıb-satılan torpaqların hamısından onun xəbəri var. Necə olur ki, Azər Babayev heç nəyi xatırlamır?".

Sonra şahid qismində ifadə verən R. Abbasov bildirib ki, Ş. Əkbərova Şamaxıda torpaq sahəsi satıb: "Bunun müqabilində Şücayət Əkbərovdan 75 min manat məbləğində pul aldım. Torpağın kim üçün alındığı haqqında maraqlanmadım".

Digər şahid Vidadi Cəfərov deyib ki, qaynı A. Alışanova Şamaxıda kənd təsərrüfatı ilə bağlı iş qurmaq üçün 200 min manat pul verib: "2017-ci ilin sonunda bildim ki, Arif Alışanovu aldadıblar".