Ekspedisiya rəisi: “Bayıl sürüşmə sahəsində ailələrin evlərinə qayıtması hələ ki mümkün deyil”


Sosial 23 May 2018 12:40:00 356 0

Ekspedisiya rəisi: “Bayıl sürüşmə sahəsində ailələrin evlərinə qayıtması hələ ki mümkün deyil”

“Yamacda həmişə təhlükə var”

“Bayıl sürüşmə sahəsinin yerləşdiyi yamacda həmişə təhlükə var”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O xatırladıb ki, hazırda təhlükəli vəziyyətlə bağlı olaraq ərazidəki evlərin kommunikasiya xətləri kəsilib: “Bu səbəbdən də ailələrin evlərinə qayıtması hələ ki mümkün deyil".

Ə.Qaralov bildirib ki,Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər gün ərazidə olur, müşahidələr aparılır. Hələ ki, vəziyyət stabildir, dəyişiklik yoxdur".

"Sürüşmə zonasının ətrafında tikilən binalar üçün hər hansı təhlükə varmı?" sualına cavab olaraq bildirib ki, həmin binalar tikilərkən onların bünövrəsi geoloji cəhətdən öyrənilib və onlara müvafiq qurumlar tərəfindən rəy verilib: "Bizim işimiz riskli əraziləri konturlaşdırmaq və bu barədə müvafiq qurumlara məlumat verməkdir".

Ölkə ərazisində olan digər sürüşmə zonalarındakı vəziyyətə gəlincə, mütəxəssis qeyd edib ki, sürüşmə zonalarında vəziyyət stabil olaraq qalır: "Yeni sürüşmə sahəsinin yaranması ilə bağlı məlumat yoxdur".