Büdcəyə dəyişiklik ediləcək


Digərləri 23 May 2018 12:21:00 221 0

Büdcəyə dəyişiklik ediləcək

"2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalar vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır".

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçı büdcəyə dəyişikliklərlə bağlı öz təkliflərini də irəli sürüb. Onun fikrincə, 2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığı nəzərə alınsa, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil: "Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxilolmaları daha çox artıra bilər. Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandırıcıdır".