Azay Quliyev: Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək


Digərləri 23 May 2018 11:46:00 225 0

Azay Quliyev: Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək

Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək.

Bakı. Elçin Mehdiyev – ATƏT Parlament Assambleyasının iyulun 7-11-də Berlində keçiriləcək sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, Ermənistan tərəfindən təmas xəttində törədilən təxribatları gündəmə gətirəcək. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub: “Bu da təbiidir. Çünki Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq”. O qeyd edib ki, ATƏT yeganə beynəlxalq təşkilatdır ki, hazırda münaqişənin həlli ilə məşğuldur və müəyyən mənada vasitəçilik missiyasını həyata keçirir: “Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da bu məsələni qaldıracağıq. O ki qaldı Paşinyanla bağlı Ermənistanda yaranmış mövcud duruma, əlbəttə, biz bu gün görürük ki, Paşinyan və onun komandası çox populist və pafoslu bəyanatla çıxış edir və təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ona görə də Ermənistan rəhbərliyi bunu anlamalıdır. Eyni zamanda, burada ATƏT-in üzərinə böyük bir yük, məsuliyyət düşür”. A.Quliyevin sözlərinə görə, təəssüflər olsun ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, orada mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi: “Əlbəttə, bu bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə də toxunacağıq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin