ABŞ Konqresində ADRın yaranmasının 100 illik yubileyi münasibətilə bəyanat verilib


Digərləri 23 May 2018 08:12:00 268 0

ABŞ Konqresində ADRın yaranmasının 100 illik yubileyi münasibətilə bəyanat verilib

Mayın 22-si ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat - Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Son.az-a verilən məlumata görə, bəyanatda, 28 may 1918-ci il tarixində müstəqillik qazanmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasına təbrik ünvanlanır. İstiqlal Bəyannaməsi qəbul olunarkən Azərbaycan Demokratik Respublikası kimi tanınan bu dövlətin, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olduğu bəyanatda qeyd edilir.

Sonradan Azərbaycanda Sovet hökumətinin qurulmasına və Azərbaycanın Sovet Sosialist Respublikaları İttifaqına birləşdirilməsinə gətirib çıxaran Bolşevik işğalına məruz qaldığı diqqətə çatdırılır. Bəyanatda bildirilir ki, Sovet İttifaqı dağılarkən, Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlamış və 30 avqust 1991-ci ildə müstəqilliyini bərpa etmişdir. ABŞ Azərbaycanın müstəqilliyini növbəti dəfə 25 dekabr 1991-ci il tarixində tanımışdır. Bəyanatda, ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının siyasi müstəqilliyini, suverenliyini və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır.