Sosial şəbəkə “"qəhrəmanları" arasında "yorğan" davası


Digərləri 23 May 2018 07:07:00 213 0

Sosial şəbəkə “"qəhrəmanları" arasında "yorğan" davası

Ekspertlərin fikrincə, bu cəbhədə deqradasiya prosesi çoxdan baş verib 

ABŞ-da Helsinki Komissiyasında keçirilən dinləmələr zamanı orada iştirak edən bəzi "siyasi mühacirlər"in etdiyi çıxışlar radikal müxalifətdə təmsil olunanlar və bəzi sosial şəbəkə "qəhrəmanları" arasında fikir ayrılığı yaradıb. Hətta tərəflər arasında gedən "virtual savaş" qarşılıqlı ittihamlara səbəb olub. Xüsusilə Emin Millinin "müxalifət marginallaşıb" ifadəsi ölkədəki radikalları qəzəbləndirib. Əli Kərimlinin və Cəmil Həsənlinin tərəfdarları E.Millini ayrılan qrantları təkbaşına mənimsəməkdə ittiham ediblər. E.Millinin ətrafında olan "mühacir fəallar" isə Meydan TV-də C.Həsənli və Ə.Kərimliyə qadağa qoyması ilə bağlı ittihamlara qarşılıq veriblər. Hər iki tərəfin sosial şəbəkədə "virtual savaşı" isə bir çox mətləblərə işıq salıb.

Bundan başqa daha bir "radikal cəbhədə" vəziyyət gərginləşib. Belə ki, Xədicə İsmayılla hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı arasında münaqişə olub. Söz davasına çıxan tərəflərdən biri X.İsmayıl S.Osmanqızını Meydan TV-nin direktoru olmağa çalışmaqda ittiham edib. O, həmçinin S.Osmanqızının indi internet üzərindən hazırladığı verilişlərin sponsorunun Rəsul Quliyev olduğunu deyib. 

Sosial şəbəkədə digər bir qarşıdurma isə AXCP üzvləri ilə vəkil Aslan İsmayılov və Qurban Məmmədov arasındadır. Burada da maraqlı tərəflər biri-birini müxtəlif siyasi qruplara yönəlik fəaliyyət göstərməkdə ittiham edir. 

Bütün bunlar onu deməyə əsas verir ki, "demokratiya, söz və fikir azadlığı"ndan danışanlar heç də ümumi məqsədə, əqidəyə xidmət etməyib. Bundan əvvəl də Leyla Yunusun hansısa dairələrdən kitab yazmaq üçün küllü miqdarda pul alması elə ona yaxın insanlar tərəfindən sosial şəbəkədə tənqid edildiyinin şahidi olduq. Buradan belə bir qənaətə gəlmək olar ki, "radikal düşərgə"də baş verənlər elə əslində "yorğan" davasıdır. Yəni, verilən qrantları bölüşdürə bilmədikləri üçün indi biri-biriləri ittiham edirlər.