Orucluğun mənəvi faydaları


Digərləri 22 May 2018 23:45:00 285 0

Orucluğun mənəvi faydaları

Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.

Son.az islam.az-a istinadən bildirir ki, möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".

Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.

Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.

Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".