Dərk edənlər və etməyənlər üçün


Digərləri 22 May 2018 23:10:00 211 0

Dərk edənlər və etməyənlər üçün

Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı - on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun.

"Namaz qılmayanın orucu qəbul olurmu?" və ya yenə də eyni suallar

Son.az islam.az-a istinadən bildirir ki, Ramazan ayının gəlişi ilə İslamın beş əsas şərtindən üçüncüsü - oruc yenə gündəmə gəldi. Və çox təəəssüf ki, yenə də üstünə qondarılmış uydurma və təhrifləriylə bir yerdə. Çox təəssüflə qeyd etməliyik ki, artıq iyirmi birinci əsrdə, elmə və texnika zəmanəsində yaşamağımıza baxmayaraq hələ də köhnə təsəvvürlərdən, uydurma xurafatlardan və dinin əsasında olmayıb təfərrüatlarda gizlənən xırdalıqlarla məşğul olmaqdan canımızı qurtara bilməmişik. Əgər bilsəydik, bu dəfə də həddindən artıq məntiqsiz səslənən və illərdir məzmununda heç bir dəyişikliyə uğramamış suallarla rastlaşmazdıq. "Namaz qılmayanın orucu qəbul olunurmu?", "Örtünməyən qadın oruc tuta bilərmi?", "Tüstü və ya qoxu orucu pozurmu?" və s. suallar bu Ramazanda da qarşımıza çıxmazdı. Əlbəttə ki, soruşmaq və öyrənmək ayıb deyil, əksinə müsbət haldır, amma etiraf edək ki, sual verib nəsə öyrənmək üçün ən azından sualı düzgün qurmalıyıq. Bunu birdəfəlik dərk etməliyik ki, hansısa bir səbəbdən bir ibadəti yerinə yetirməməyimiz bizə başqa bir ibadətdən də vaz keçməyimiz üçün bəhanə ola bilməz. Ümumiyyətlə, İslamda "ibadətlər paketi" deyə bir şey yoxdur ki, ya hamısını et, ya da heç birini.

Ramazan ayı və oruc

Oruc ayı olan Ramazan, bərəkətli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Əldə etdiyimiz saysız-hesabsız nemətlərin xatırlandığı bu ayın ən birinci ibadəti, bütün ümmətlərə fərz qılınmış oruc ibadətidir. Necə ki, orucu əmr edən ayə də bu sözlərlə başlayır: "Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi" (Bəqərə 183). Ruhun qidası olan oruc, tibbi cəhətdən də çox önəmlidir və müasir tibb mütəxəssisləri də orucun insan bədəninə gətirdiyi mənfəətin danılmaz fakt olduğunu ortaya qoymuşlar. Hz. Peyğəmbər də bir hədisində orucun bu yönünə işıq tutaraq "Oruc tutunuz ki, sağlam olasınız" deyə buyurmuşdur. Amma onu yaddan çıxarmamalıyıq ki, biz orucu əldə edəcəyimiz hansısa mənfəətə və ya gəlirə görə deyil, sadəcə Allah rizası üçün tutmalıyıq. Oruc bir ibadət olduğundan, sırf o qayə üçün icra olunmalıdır. Onun faydaları qayə halına gətirilərsə, oruc ibadət olmaqdan çıxar. Yəni orucu, mədəmizi dincəltmək, arıqlamaq və s. üçün deyil, sırf Allah əmr etdiyi üçün tutmalıyıq.