Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib (FOTO)


Digərləri 22 May 2018 21:55:00 313 0

Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib (FOTO)

Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqlardan və aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan 11 apreldə keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini toplayan Prezident İlham Əliyevin parlaq və inamlı qələbə qazandığını vurğulayıb. Azərbaycan xalqı prezident seçkilərində son 15 ildə ölkəmizdə qazanılmış sosial-iqtisadi uğurlara, iqtisadi-ictimai sabitliyə, regionların tarazlı inkişafına, infrastrukturun və yeni istehsal sahələrinin yaradılmasına, ölkəmizin fəal iştirakı və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrə, tranzit və logistika imkanlarının genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına, əhalinin yüksələn rifahına, ən başlıcası isə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, Azərbaycanın qüdrətlənməsinə səs verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimindəki proqram xarakterli çıxışlarında dövlət başçısı görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, bu dövrdə ÜDM 2,3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4,2%, artıb. 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya 4% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə həmçinin, Cənub Qaz Dəhlizinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində islahatların davam etdirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastrukturun yaxşılaşdırılması, ilin sonunadək qazlaşdırmanın 95%-ə çatdırılması, ərzaq təhlükəsizliyinin diqqət mərkəzində saxlanılması, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, yerli istehsalın gücləndirilməsi, yeni texnoloji müəssisələrin, sənaye parkları və zonalarının yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də emal sənayesinin inkişafı, ixracın şaxələndirilməsi, yeni ixrac bazarlarının müəyyən edilməsi, ənənəvi bazarlarda mövqelərin möhkəmləndirilməsi və yeni bazarlara çıxışın təmin olunması, turizmin inkişafı, ABAD mərkəzlərinə diqqət göstərilməsi, alternativ enerji mənbələrinin yaradılması və bu sahədə təhlillərin aparılması, Böyükşor gölünün qalan hissəsinin təmizlənməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib. İqtisadiyyatın prioritet sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 mlrd. dollara yaxın sərmayə qoyulacaq. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə müxtəlif tipli tikinti məhsulları (qatqıları) istehsal edəcək Silisium Kalsium İstehsalat Müəssisəsi, Tütün məmulatları (siqaret) istehsal edəcək “Tabaterra” QSC, Karbamid (azot gübrəsi) istehsal edəcək SOCAR-ın Karbamid Zavodu, “Polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer” MMC, Ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, sənaye istifadəsi üçün polimerdən kisə və torbalar istehsal edəcək “SumPlast” MMC və Məlumatların (datanın) emalını həyata keçirəcək “Nexus Labs” MMC olmaqla, ümumilikdə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, Parkın ərazisinin genişləndirilməsi istiqamətində hüquqi sənədlərin hazırlanması işləri başa çatdırılıb. 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir. Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq. Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 mln. manat olan 9 layihə icra ediləcək. Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Sənaye məhəlləsində reallaşdırılması üçün ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Daxil olmuş təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb. Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsində işlənmiş təkərlərin təkrar emalı, bio-gübrələrin (orqanik) istehsalı, yun tədarükü məntəqəsinin yaradılmasına dair təkliflər daxil olub. Hazırda bu təkliflər araşdırılır. Kollegiya iclasında Şahin Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin davam etdirilməsi, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılması, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin özünü maliyyələşdirməsi məsələsinin araşdırılması, Mingəçevir Sənaye Parkında yeni müəssisələrin yaradılmasına, “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib. Kollegiya iclasında həmçinin, yerli istehsalın gücləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, əvvəlki illərdə olduğu kimi 2018-ci ilin I rübündə də müxtəlif sahələr üzrə yeni texnologiyalara əsaslanan müəssisələr istifadəyə verilib, bir sıra istehsal sahələrinin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, ölkəmizdə ənənəvi sahələrdən olan xalçaçılığın inkişafı məqsədilə artıq 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb. Hazırda daha 10 müəssisənin, 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi işləri davam etdirilir və bu müəssisələrin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. 2017-ci ilin sonunda dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin tikintisi isə 2019-cu ildə başa çatacaq. Şahin Mustafayev dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, “Azərbaycan xalçası” (“Azerbaijan carpet”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması barədə tapşırıqlar verib. İclasda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmış, 15-i isə 2018-ci ildə istifadəyə veriləcək. Kollegiya iclasında digər regionlarda da iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılmasının davam etdirilməsi barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.