Azərbaycan Beynəlxalq Bankında Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyası nümayəndələri ilə görüş keçirilib


Digərləri 22 May 2018 14:53:00 245 0

Azərbaycan Beynəlxalq Bankında Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyası nümayəndələri ilə görüş keçirilib

Azərbaycana səfərdə olan Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (SINOSURE) nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankında olub. Korporasiyanın icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bankın İdarə Heyəti sədrinin müvəqqəti icraçısı Abbas İbrahimov onlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Qonaqları ölkəmizin iqtisadi həyatında Azərbaycan Beynəlxalq Bankının rolu barədə məlumatlandıran Abbas İbrahimov bankın çoxlu sayda korporativ müştərilərin böyük biznes tərəfdaşı olduğunu, irimiqyaslı biznes layihələrinə dəstək verdiyini qeyd edib.  

Öz növbəsində, Vanq Yin də təmsil etdiyi korporasiyanın fəaliyyəti barədə danışıb. Çinin biznes qurumlarının Azərbaycan şirkətləri ilə əməkdaşlığına dəstək niyyətlərini açıqlayıb. Bankla bu sahədə gələcək tərəfdaşlıq imkanlarına diqqət yönəldib.