Bakıda dostunu öldürən şəxsin anası məhkəmədə dindirilib: "Mərhumun ata-anasının üzünə baxa bilmirəm"


Sosial 22 May 2018 14:44:13 292 0

Bakıda dostunu öldürən şəxsin anası məhkəmədə dindirilib: "Mərhumun ata-anasının üzünə baxa bilmirəm"

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası ifadə verib.

O, hadisənin şahidi olmadığını, lakin bir ana kimi məhkəmədə iştirak etmək istədiyini deyib: "Mərhumun ata-anasının üzünə baxa bilmirəm. Mənim oğlum bağışlanmaz bir səhv edib. Mərhumun atasından, anasından məni bağışlamasını istəmirəm. Çünki bir övlad dünyadan gedib. Mən onların evinə başsağlığına gedə bilmədim. Çünki həmin ananın gözünə baxa bilmərəm. Yoldaşım narkomaniyadan əziyyət çəkib, psixi xəstəliyi var. Ailəmizə oğlum baxıb, uşaq yaşından işləyib. Əsgərlikdən gələndən sonra da çalışıb. Kənddə bir nəfərlə belə problemi olmayıb".

Qətlə yetirilən Xəyal Məmmədovun atası Qorxmaz Məmmədov təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacağını söyləyib. O, məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlu Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən on gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Z.Qasımov X.Məmmədovu kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı dostunun döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər X.Məmmədovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.