Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib


Digərləri 22 May 2018 14:24:00 223 0

Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib

Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

Bakı. Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və s. sahələrdə fəaliyyət göstərən şirkətin nümayəndəsi iştirak edib. Serbiya Prezidentini və nümayəndə heyətini salamlayan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, Azərbaycan və Serbiya dövlət başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirilib ki, Serbiya prezidentinin səfəri zamanı dünən imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişlənməsinə və əlaqələrin inkişafına öz töhfəsini verəcək. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.