2 əmlaka 10 sifariş verilib - Növbəti hərrac


Digərləri 22 May 2018 13:34:58 165 0

2 əmlaka 10 sifariş verilib - Növbəti hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 22-də növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 22-də növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, özəlləşməyə çıxarılan avtomobillər üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. Hyundai Sonata markalı avtomobilə sahib olmaq üçün 7 nəfər sifarişçi arasında rəqabət olub. Həmin maşının ilkin start qiyməti 6 min manat olsa da, ən son təklif 11 min 400 manatadək yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi 3 nəfərin sifariş verdiyi Toyota Camry olub. Adı çəkilən avtomobilin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq 15 min 600 manata sahibini tapıb. Həmin maşınların buraxılış tarixləri müvafiq olaraq 2008 və 2010-cu ili əhatə edir. Budəfəki hərracda investorlar qeyri-yaşayış sahələrinə də üstünlük veriblər. Belə ki, özəlləşən əmlaklardan 5-i bu kateqoriyaya aid olub. Həmin obyektlər paytaxtın Nəsimi, Nərimanov rayonlarında, digəri isə Sumqayıt şəhərində yerləşir. Nəsimi rayonunun Həzi Aslanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 80 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanovda yerləşən ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.