Gömrük Hospitalının iranlı həkimi məhkəmə zalında həbs edildi


Digərləri 22 May 2018 13:16:00 252 0

Gömrük Hospitalının iranlı həkimi məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər veir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı vəsatət verib. O, digər təqsirləndirilən Jahani Hiveh Hamid Mohammadin barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğv edilməsini istəyib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, İran vətəndaşı olan Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır.

Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks" kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.