“Atam məni danlayırdı”


Digərləri 22 May 2018 12:53:00 309 0

“Atam məni danlayırdı”

ARB Günəş-in "Mən məktəbli ikən" verilişinin növbəti qonağı MTRŞ-nin sədr müavini, əməkdar jurnalist Qafar Cəbiyev olub.

Son.az-ın məlumatına görə, ibtidai təhsilinə İsmayıllı rayonunun Talıstan kəndində başlayan və səkkizinci sinifdən etibarən orada yerləşən 1 saylı orta məktəbdə oxuyan Qafar Cəbiyev bildirib ki, İsmayıllı şəhər 1 saylı orta məktəbi Talıstan kəndindən 5 kilometr aralıda yerləşir. Ora gündəlik gedib- gəlmək bütün şagirdlər üçün çətin idi. Bu səbəbdən həmin dövrdə qızların əksəriyyəti təhsilini yarımçıq qoyurdu: "Xüsusən qış aylarında bizim üçün çox çətin olurdu. Səhər saat 07:00-da qarın içində məktəbə yollanırdıq, ayağımız, üst-başımız suyun içində olurdu. Məktəbə çatandan 2 saat sonra ayağımız quruyurdu". Qafar Cəbiyev geniş ailədə böyüyüb. O bildirib ki, ailələrində 10 uşaq olub, özü isə övladların ən böyüyü idi. Həmin dövrdə böyük təsərrüfata sahib olublar, atası şəhərdə çalışdığından ailənin böyük övladı kimi bütün məsuliyyət və məişət qayğıları onun üzərinə düşüb. "Uşaq vaxtı futbola böyük maraq göstərirdim. Bəzən təsərrüfatdakı işlərdən ayrılıb kənddə futbol oynayan uşaqlara qoşulardım, atam buna görə məni danlayardı". MTRŞ rəsmisi ölkənin ilk uşaq televiziyası "ARB Günəş"in fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, MTRŞ ölkədəki bütün telekanalların fəaliyyətini davamlı olaraq izləyir. Qafar Cəbiyev "ARB Günəş" televizyasına bir valideyn və baba olaraq xüsusi təşəkkür də edib. O əlavə edib ki, "ARB Günəş" ölkənin ilk uşaq telekanalı olaraq, gənc nəslin maariflənməsində son dərəcə faydalı missiyanı yerinə yetirir. Xatırladaq ki, "Mən məktəbli ikən" verilişi hər həftənin bazar günü saat 19:30-da "ARB Günəş" televiziyasında yayımlanır. Veriliş "ARB Günəş" və Bakı Dövlət Universitetinin birgə layihəsidir.


Xəbərə aid fotolar