Qeyrirəsmi məşğulluğun aradan qaldırılması üçün


Digərləri 22 May 2018 12:10:00 217 0

Qeyrirəsmi məşğulluğun aradan qaldırılması üçün

Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin, eləcə də BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak edir: "Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən olub. Hamınıza məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi, cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı önə çəkir. Eyni zamanda gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyindən istifadənin bütün formalarından imtina edilməsini, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, kiçik və orta sahibkarlığın inkişafını, əmək hüquqlarının qorunmasını, etibarlı, təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet kimi qeyd edir".