Merkel Soçidə: geosiyasi alternativ axtarışı?


Dünya 22 May 2018 11:35:00 225 0

Merkel Soçidə: geosiyasi alternativ axtarışı?

Almaniyanın kansleri Angela Merkel Soçidə Vladimir Putinlə görüşüb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən demək olar ki, tərəflər qlobal siyasətin aktual məsələlərini müzakirə ediblər. Bu zaman onlar siyasi, geosiyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi sferaya da diqqət yetiriblər.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Merkel-Putin danışıqlarının detalları barədə geniş məlumat verilməsə də, aydın olur iki, iki böyük geosiyasi güc dünyada baş verən hadisələrə təsir etmək niyyətindədirlər. Rusiya onsuz da müxtəlif regionlarda fəaldır. Almaniya da son illər aktivliyini xeyli artırıb. İndi onlar üçün ortaq fəaliyyət sahəsinin axtarılıb tapılması önəm kəsb edir. Hələlik bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilməyib. Demək olar ki, bütün istiqamətlərdə fikir ayrılığı mövcuddur. Buraya ilk növbədə Suriya müharibəsi, Ukrayna ətrafında münaqişə, "Şimal axını-2" layihəsi, Skripal məsələsi və digərləri daxildir. Ancaq ekspertlər də vurğulayırlar ki, A.Merkelin Soçiyə uçması Almaniyanın Rusiyaya verdiyi önəmə işarə edir. Bu müstəvidə Soçi görüşünün geosiyasi aspektini təhlil etməyə dəyər.

"Küskün" Avropa: ABŞ-dan imtina və Rusiyaya yaxınlaşma arasında

Amerikanın xarici siyasətdə atdığı addımlar qlobal vəziyyəti getdikcə daha da gərginləşdirir. Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxıb, ABŞ səfirliyini Qüdsə köçürüb. Hər iki hadisəyə dünya dövlətləri ciddi reaksiya veriblər. Hətta Vaşinqtonun avropalı müttəfiqləri belə bu qərarları müsbət qarşılamayıblar. Onların sırasında Almaniya daha çox narazı görünür. Kansler Angela Merkel diplomatik fəallıq nümayiş etdirir. O, əvvəlcə ABŞ-a səfər edib, sonra isə Rusiyada Vladimir Putinlə görüşüb. Ekspertlər vurğulayırlar ki, Almaniya kanslerinin hər iki görüşdə apardığı danışıqların detalları gizli saxlanır, lakin KİV-ə sızdırılan informasiyalara əsasən söhbətin nələrdən getdiyini müəyyənləşdirmək olar.

Almaniya rəhbərliyini İran və Fələstin məsələləri narahat edir. İranla imzalanan sazişin pozulması Avropa şirkətlərini çətin vəziyyətə salır. ABŞ onlara qarşı sanksiyalar tətbiq edə bilər. Bunun nəticəsində Avropa ölkələri külli miqdarda maliyyə itirirlər. Bundan əlavə, Almaniyanı məsələnin geosiyasi və təhlükəsizlik aspektləri narahat edir. Bu istiqamətlərdə çoxlu sayda risklər meydana çıxa bilər.

Hər şeydən öncə, beynəlxalq sazişlərə olan inam azala bilər. Amerika indi hansısa sazişdən imtina edirsə, sabah eyni məntiqlə digər böyük dövlətlər özlərinə sərf etməyən istənilən müqavilədən çıxa bilərlər. Buna qarşı hansısa ciddi arqument qoymaq çətin olar, çünki artıq presedent vardır.

Belə bir gedişat bütövlükdə beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə mövqeyini zəiflədə bilər. Təbii ki, bu, başqa məqamlarla yanaşı, beynəlxalq təşkilatların da səmərəli fəaliyyət göstərmək imkanına ciddi zərbə olardı. Onsuz da BMT kimi təşkilat bir sıra məsələlərin həllində acizlik göstərir. Vaşinqtonun son davranışları BMT-nin də nüfuzunu çox aşağı salır.

Almaniyanı narahat edən başqa məqam İranın əks-reaksiya kimi nüvə silahı istehsalını reallaşdıra bilməsi ilə bağlıdır. Tehran əslində artıq bu məsələni milli vəzifə kimi bəyan edib. Belə çıxır ki, çox qısa zamanda Yaxın Şərqdə nüvə silahına malik və bir sıra istiqamətlərdə aqressivlik nümayiş etdirən müsəlman dövləti meydana gələ bilər. Bu prosesin digər müsəlman ölkələrini də eyni addımı atmağa təkan verəcəyini təxmin etmək çətin deyil. Sonucda bir neçə müsəlman ölkəsi nüvə silahına malik olar ki, bu da ümumən dünyada tamamilə yeni bir geosiyasi mənzərə formalaşdırar.

Deməli, Almaniya üçün Qərbin təhlükəsizliyi yeni səviyyədə məzmun kəsb etməyə başlayır. Bu problemin həllində Almaniya kiminlə əməkdaşlığa üstünlük verə bilər? A.Merkelin gedişləri göstərir ki, Berlin Moskvanı arxa plana atmaq istəmir. Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Məsələ onda deyil ki, A.Merkel Vaşinqtondan sonra dərhal Soçiyə uçmaqla Rusiya ilə müttəfiqlik niyyətində olduğunu nümayiş etdirir. Düşünürük ki, Berlin belə bir mövqedən uzaqdır. Ancaq ünvan kimi Rusiyanın seçilməsi Avropa İttifaqının Kreml ilə olan münasibətlərə çox önəm verdiyini göstərir. A.Merkel V.Putinlə problemləri müzakirə edə bilər. Bunun əsasında da Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən ortaq nəticəyə gəlinər. Həm də o səbəbdən ki, Aİ artıq ABŞ-ı özünün təhlükəsizliyinin təminatçısı kimi qəbul etmək istəmir. A.Merkel bir neçə dəfə bəyan edib ki, Avropa öz başına çarə qılmalıdır.

Qüvvələr nisbəti: dəyişə bilərmi?