Özbəkistanda AXC-nin 100 illiyi münasibəti ilə konsert keçirilib (FOTO)


Digərləri 22 May 2018 10:32:00 230 0

Özbəkistanda AXC-nin 100 illiyi münasibəti ilə konsert keçirilib (FOTO)

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilib.

Bakı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Giriş sözü ilə çıxış edən institutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrimizin bu gün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi Cümhiriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğulayıb. Natiq Ulu Öndər Heydər Əliyevdən sitat gətirərək, bugünkü müstəqil Azərbaycanın AXC-nin tarixi varisi olduğunu qeyd edib.