Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"


Digərləri 22 May 2018 09:38:00 348 0

Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"

Hazırda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra təmiz içməli su kimi istifadə edilir.

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər: "Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var".

Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.

Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir:

"Xəzər dənizindən götürülmüş su duzsuzlaşdırılır, suvarma suyunun keyfiyyətinə, standartlarına uyğun olaraq təmizlənir. Onun az bir hissəsi isə ofisdə çalışan işçilərin içməli suya olan tələbatını ödəmək üçün təmiz içməli suyun keyfiyyətinə, standartlarına uyğun təmizlənir və daha sonra içməli su kimi istifadə edilir. Suvarma üçün olan su müəyyən bir hədd daxilində təmizlənir, içmək üçün olan su isə daha dərindən təmizlənir. Hazırda Xəzər dənizinin suyundan içməli su kimi dar bir çərçivədə istifadə edilir".