Narkotiklərə dair Qlobal Sorğu 2018 Nəticələri Azərbaycan


Digərləri 22 May 2018 09:26:00 269 0

Narkotiklərə dair Qlobal Sorğu 2018 Nəticələri  Azərbaycan

2011-ci ildən etibarən Global Drug Survey (Narkotiklərə dair Qlobal Sorğu) hər il artan sayda insanlardan onlayn olaraq istifadə etdikləri spirtli içki və narkotik vasitələr haqqında anonim sorğu keçirir. Əsas məqsəd istifadədən dolayı yaranan zərərlər haqqında maksimum bilgi əldə etmək və zərərin qarşısını almaq üçün daha effektiv metodlar yaratmaqdır. Global Drug Survey-in uğuru hər il iştirakçı sayının artması ilə daha çox eşidilməkdədir. Son 5 ildə toplam yarım milyondan çox insan, 2018-ci ildə isə sorğuda dünyanın 44 ölkəsindən 130 000-dən çox istifadəçi şəxs iştirak etmişdir və bununla da hər ötən ildəkindən daha çox və ətraflı statistik göstəricilər əldə edilmişdir. Bu il, Azərbaycan da çoxsaylı ölkələr sırasına qoşulmuş və sorğunun tərcümə ediliyi 19 dildən biri də Azərbaycanca olmuşdu. Gürcüstan, Estoniya, Çili və Argentina ilə yanaşı, Azərbaycandan iştirak edən şəxslərin ümumi sayı 100 nəfərdən aşağı olmaqla, ən az iştirakçı sayı təmin edən ölkə olaraq siyahıya alınmışdır. Qeyd edilməlidir ki, onlayn sorğuların yayılmasına və geniş kütləyə əlçatan edilməsinə bir sıra ölkələrdə çətinliklə nail olunur. Buna baxmayaraq, Azərbaycanın Global Drug Survey-də birinci dəfə iştirakı üçün bu mühüm göstəricidir və insanların anonim olaraq öz təcrübələrini bölüşməkdən çəkinmədiklərinə işarət edir. Bu isə sorğunun əsas məqsədlərindən biridir - narkotik maddələrin istifadəsi ətrafında mövcud qorxu, tabu və mifləri aradan qaldırmaqla şəffaf diskussiyalara yol açmaq.

Mövcud vəziyyətdə, hələ ki, ən çox iştirakçı sayı təmin edən ölkələr qərb və şimal ölkələridir və hazırda qlobal cənub yarımkürəsindən empirik məlumatlar qıtlıq təşkil edir. Bu qıtlıq insanların istifadə motivləri, müalicə ehtiyacları və üzləşdiyi təhlükələrin səssiz qalmasına səbəb olur. Global Drug Survey komandası bu baryerləri aşmaq üçün, zərərin azaldılması proqramlarının hər ölkədə bütün istifadəçi insanlara əlçatan olması üçün çalışır.

Builki sorğunun əsas nəticələri spirtli içki istifadəsi ətrafındadır. Bu il ilk dəfə olaraq, spirtli içki istifadəsi ilə bağlı insanların xəbərdarlıq etiketlərinə inanıb-inanmadıqları haqqında suallar soruşulmuşdu. Bu suallar xərçəng riski, ürək xəstəliklərinə tutulma riski, ciyər xəstəlikləri riski, spirtli içkinin xeyirli olduğuna dair mif inancı və spirtli içki istifadəsinin zorakılıq hallarına səbəb olması haqqında idi. Alınan göstəricələrə əsasən, təxminən 80 000 iştirakçı spirtli içki istifadəsi ilə xərçəng xəstəliyi riski arasında olan əlaqədən bixəbərdir. Bu məlumatsızlıq xüsusilə qadın cinsinə məxsus 25 və daha az yaşlı istifadəçilər arasında yüksəkdir. Bu iştirakçıların təxminən 46%-i digər sağlamlıq riskləri haqqında da məlumatsız olduqlarını, 40% - i isə spirtli içki istifadəsinin yaratdığı sağlamlıq təhlükələri haqqında məlumatlı olduqları halda daha az içəcəklərini qeyd edir. 

Azərbaycandan iştirak edən spirtli içki istifadəçilərinin 40.9% xərçəng riskinə, 77% ürək xəstəlikləri riskinə, 65.5% ciyər xəstəliyi riskinə inandığını, 56%-i spirtli içkinin sağlamlığa xeyirli olduğuna və 87.7% spirtli içkidən istifadə etdikdə zorakılıq hallarının yüksək olma ehtimalına inandıqlarını qeyd etmişdir. Bu xəbərdarlıq etiketlərinin spirtli içki istifadəsinə təsir edə bilməsi haqqında olan suallara isə verilən cavablar aşağıdakı kimi olmuşdur:

77% ürək xəstəlikləri etiketinə baxmayaraq içməyə davam edəcəklərini 54.7% ciyər xəstəlikləri haqqında etiketlərin içki istifadəsinə təsir etməyəcəyini 84.9% spirtli içkinin heç bir sağlamlıq xeyrinin olmadığını deyən etiketlərə baxmayaraq içməyə davam edəcəyini 51.8% zorakılıq hallarını xatırladan etiketə baxmayaraq içməyə davam edəcəyini qeyd etmişdi.

İştirakçılar arasında əksərən qadın cinsinə məxsus istifadəçilər bu tip xəbərdarlıq etiketlərini gördükləri halda daha az spirtli içki istifadə edəcəklərini qeyd etmişdirlər.

Hər il olduğu kimi, spirtli içkidən əlavə, Globa Drug Survey həmçinin çoxsaylı və müxtəlif narkotik vasitələrin istifadəsi haqqında da suallar təqdim edir. Bu il Azərbaycanda yalnız spirtli içki, tütün və çətənə bitkisi haqqında suallar soruşulmuşdu. İştirakçı sayının növbəti ildə daha yüksək olması gözləntisi ilə, digər tibbi preparatların və narkotik vasitələrin da siyahıya əlavə olunması nəzərdər tutulmuşdur.


Xəbərə aid fotolar