Azərbaycan Xalq Cümhuriyyəti 100 il sonra: Tariximizi qeyd edərək gələcəyə baxırıq


Digərləri 22 May 2018 07:00:00 209 0

Azərbaycan Xalq Cümhuriyyəti 100 il sonra: Tariximizi qeyd edərək gələcəyə baxırıq

Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünə görə fövqəladə idi və onun 100 illik yubileyi bizə öyrənilməyə, yadda qalmağa və hörmətə layiq olduğunu xatırladır.

Bakı. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qilin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məqaləsi Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünə görə fövqəladə idi və onun 100 illik yubileyi bizə öyrənilməyə, yadda qalmağa və hörmətə layiq olduğunu xatırladır. Birinci Dünya müharibəsindən sonrakı qeyri-sabit dövrdə yeni respublikanın mövcudluğu facianə qısa olsa da, bu tarix yalnız Azərbaycan üçün deyil, dünya üçün vacibdir. Paris Sülh Konfransında Azərbaycan nümayəndələri 28 may 1919-cu ildə görüşdükləri zaman ABŞ Prezidenti Vudro Vilsonda uzunmüddətli təəssürat yaratdılar. Sonralar Prezident Vilsonun Azərbaycan nümayəndə heyətini öz çıxışlarında tez-tez xatırlaması təəccüb doğurmur. Xüsusən, Prezident Vilson Azərbaycan nümayəndələrinin onun dəyərlərinə yaxın dəyərlərə sahib olduqlarını qeyd etmişdi. Onlar haqqında danışarkən Vilson bildirmişdi: "Fikirlərə, azadlıq anlayışlarına, haqq və ədalət konsepsiyalarına gəldikdə, mən eyni dildə danışdığım insanlarla söhbət etdim". Prezident Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını alqışlamaq üçün əsası var idi ki, bu əsas Cümhuriyyəti zamanının lideri etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları dəyərləri Amerika Birləşmiş Ştatlarının dəyərləri ilə uzlaşan bir ölkə düşünürdülər. Onlar ölkənin təməl sənədlərində etnik mənşəyi, dini, sinfi və ya cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar təmin edən bu dəyərləri təsbit etdilər. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər siyasi hüquqlar verən, əhalisinin böyük əksəriyyəti müsəlman olan ilk dövlət, əslində isə dünyanın ilk ölkələrindən biri idi. Bundan əlavə, Azərbaycanın ərazisində ilk müasir universitetin – Bakı Dövlət Universitetinin yaradılması yeni respublikanın təhsilə verdiyi dəyərin nümayişi idi. Bu dəyərlər – bərabərlik, tolerantlıq və təhsilə erkən diqqət Azərbaycan Xalq Cümhuriyyətini yalnız gələcəyə baxan əsaslı proqressiv ölkə kimi səciyyələndirdi. Bunlar ruhlandırıcı nailiyyətlərdir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə və Azərbaycan xalqı yenicə qazandıqları azadlıq və müstəqilliklərindən bəhrələnə biləcəyi yeni bir dövlət formalaşdırmağa çalışanda onun liderləri Azərbaycan Xalq Cümhuriyyətinə yol göstərən işıq kimi baxırdılar. Amerika Birləşmiş Ştatları hələ də öz bani atalarına baxır. Amerikalılar təməl sənədlərimizdə – Müstəqillik Bəyannaməsi və ABŞ Konstitusiyasında qorunan əsas dəyərlərdən qüvvət alırlar. Bizim çətinliklə qazandığımız azadlıq və müstəqillik amerikalıların bu gün bəhrələndikləri çiçəklənən cəmiyyəti – canlı və etibarlı bir ölkəni, fikir ayrılığı və müzakirələrə açıq, bizi xarakterizə edən tarix, mədəniyyət, inanc və prinsipləri ilə birləşən fərqliliklərə dəyər verən bir cəmiyyəti bizə bəxş etdi. Bu dəyərlər 1918-ci ildə olduğu kimi, bu gün də Azərbaycanda və ABŞ-da aktual olaraq qalır. Tolerantlıq, inklüzivlik, müxtəliflik, təhsil, bərabərlik və demokratik təmsilçilik ölkəmiz üçün daha gözəl gələcək düşünəndə ABŞ-ın istinad etdiyi əsas dəyərlər olaraq qalır. İnanıram ki, bu dəyərlər Azərbaycan Xalq Cümhuriyyətinin təsisçiləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Fətəli Xan Xoyski kimi azərbaycanlıların da qiymət verdikləri dəyərlərdir. Ortaq dəyərlərimiz və onlara davamlı hörmət uzun dostluğumuzun əsasını təşkil edir. Amerika Birləşmiş Ştatları ortaq maraqları, dəyərləri və arzuları bölüşən ölkələrlə ən dərin əməkdaşlıq qurur. Ona görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasına qoşuluruq və azərbaycanlılar özləri üçün, Azərbaycan üçün daha çox inkişaf edən, müstəqil və demokratik bir gələcək qurarkən biz onları dəstəkləməyə davam edəcəyik. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin