Bakıda çayxanada partlayış zamanı ölənlərin şəxsiyyəti məlum olub


Sosial 22 May 2018 01:00:08 272 0

Bakıda çayxanada partlayış zamanı ölənlərin şəxsiyyəti məlum olub

Hadisə propan qaz balonunun partlaması nəticəsində baş verib

Bakının Binəqədi rayonunda çayxana kimi fəaliyyət göstərən obyektdə partlayış zamanı ölənlərin şəxsiyyəti məlum olub.

“Report” FHN-ə istinadən xəbər verir ki, bunlar 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğludur.

Partlayış ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.