Azərbaycan musiqisi Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günündə təqdim olunub


Digərləri 21 May 2018 23:39:10 136 0

Azərbaycan musiqisi Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günündə təqdim olunub

Tədbir Tbilisidə baş tutub

Mayın 21-də Gürcüstanda Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü qeyd olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyəti və musiqi nümunələri təqdim olunub.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin aşıq sənəti bölməsinin rəhbəri aşıq Nargilə Mehdiyeva və gənc tarizən Ramin Pirməmmədovun təqdim etdikləri muğam, aşıqlar qrupunun ifasında səslənən xalq folklor nümunələri alqışlarla qarşılanıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda 21 May Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü hər il qeyd olunur.

Bugünkü tədbirdə Gürcüstanın barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Gününün sülh və həmrəylik kimi mühüm dəyərlərin əhəmiyyətinin qeyd olunması üçün elan olunduğunu vurğulayıblar. Bildirilib ki, sülh və həmrəylik yalnız müxtəlifliyimizi qəbul etmək və hörmət etmək yolu ilə əldə oluna bilər.

Tədbirdə Gürcüstanda yaşayan yəhudi, rus, Ukrayna, çeçen, acar, kürd və digər milli azlıqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları da iştirak ediblər.