Niyə Ramazan müsəlmanlar üçün bu qədər əhəmiyyətlidir?


Digərləri 21 May 2018 23:05:00 301 0

Niyə Ramazan müsəlmanlar üçün bu qədər əhəmiyyətlidir?

"Deməli siz 30 gün ərzində dayanmadan oruc tutursunuz?"

"Nə vaxtsa orucu pozmuşunuz?"

"Heç su da içmirsiniz?"

Bu, hər il Ramazan ayında mənə və dostlarıma ünvanlanan üç ən geniş yayılmış sualdır.

Onu deyim ki, yox, yalnız gün çıxandan gün batana qədər. Heç vaxt orucumu pozmamışam, ancaq belə hallar mümkündür. Heç su da içmək olmaz!

Valideynlərim Yəmən və Burmadan köçüb, özüm Londonun şərqində doğulub böyümüşəm.

Bütün dünyadakı müsəlman ailələrində olduğu kimi, mənim ailəmdə də Ramazan ayının gəlişinə doğru bir hərəkətlilik yaranır.

Gəlin səbəbini izah edim.

Birləşmiş Ərəb Əmirlikləri, Əbu Dabidə Şeyx Zeyd Məscidi

Saflanma

Biz yeməksiz və susuz uzun günlərdən və ibadət və zikrlə keçən uzun gecələrdən zövq alırıq.

Qəribə səslənsə də, növbəti 30 gün ərzində biz İslam təqvimində ən müqəddəs ay sayılan Ramazan ayının mükafatlarını qazanmaq üçün həvəslə həyat tərzimizdə əhəmiyyətli dəyişiklik edəcəyik.

Gün çıxandan gün batana qədər yemək yeməmək Ramazan ayının ən vacib hissəsi olsa da, bu ay həm də saflanma ayıdır.

Onu tez-tez mənəvi düşərgəyə bənzədirlər.

Bir çox müsəlman Ramazanda Quranı dəfələrlə oxuyur

Allaha yaxın olmaq vaxtı

Qurana görə Ramazan Allaha yaxın olmaq ayıdır. Biz uzun ibadət və dualarla buna nail olmağa çalışırıq.

Biz həyatın bəzi nemətlərindən qısa müddətə imtina etməklə onların dəyərini dərk edirik.

Bu ay həmçinin dünyada yemək və suya möhtac olan bir çox insanlara mərhəmət hissi yaranır.

Hazırlıq

Bütün böyük hadisələrdə olduğu kimi, ona hazırlaşmaq çox vacibdir. Ən əhəmiyyətli hazırlıq isə mənəvi hazırlıqdır.

Biz ibatədlərimizi artırır və Quran oxumağa daha çox vaxt sərf edirik.

Mən yalnız Ramazan ayında edilən gecə ibadətlərini həyata keçirmək üçün daha gec yatmağa çalışıram.

Bəzi insanlar isə bədənlərini Ramazan ayına hazırlamaq üçün ondan əvvəl də bir neçə gün oruc tuturlar.

Mənim bir dostum Ramazana bir neçə ay qalmış hazırlıq üçün qəhvə içməyi azaldır. O deyir ki, Ramazan ayında ona kofeinsiz qalmaq aclıqdan daha çətin olur.

Bu, kiçik bir təfərrüat olsa belə, məqsədi müqəddəs aya fiziki və mənəvi hazırlıqdır.

Bununla yanaşı praktiki hazırlıq da var.

Biz əvvəlcədən çoxlu yemək hazırlayırıq. Ramazan ayı başlayana qədər soyuducu dadlı Şərq yeməkləri ilə dolu olur.

Bu cür yemək hazırlığı imkan verir ki, biz ibadətə daha çox vaxt ayıra bilək.

Qurana görə Ramazan ayı Allaha yaxınlaşmaq vaxtıdır

Erkən başlanğıc

Britaniyada sahur (obaşdanlıq) üçün saat 2:30-da oyanırıq. Bu təbii ki asan deyil.

Vaxt keçdikcə oyanmaq daha da çətinləşir və özünü aldatmağa çalışırsan ki, səhər yemədən dözə bilərsən.

Lakin təxminən 18 saat orucluq üçün bir neçə tikə yemək və su çox əhəmiyyətlidir.

Bir çox ailələr saat 2:00-də hələ də ağır yeməklər yeyirlər. Bu, heç də Ramazanın ruhuna uyğun deyil. Buna görə də sağlamlıqla bağlı sosial media vasitəsilə məsləhətlər verilir.

Ramazan ayında müsəlmanlar bir-birinə dəstək olur. Müsəlmanların çox yaşadığı bəzi bölgələrdə sahur zamanı işıqların yanmadığı evlərə xəbər etməyə çalışırlar. Telefonla zəng edib gün çıxmadan bir tikə yeməyə səsləyirlər.

Vaxt keçdikcə orucluq da asanlaşmağa başlayır. Bədəniniz bu rejimə vərdiş edir. Daha az yuxuya ehtiyacınız olduğunu görürsünüz.

Qeyri-müsəlman dostlarınızın və ya iş yoldaşlarınızın sizinlə birgə oruc tutması çox xoşdur. Baxmayaraq ki, bir çoxları oruc tuta bilməyəcəklərini deyir, onlar bunu bacarır.