Ölkədə 3 milyondan çox insanın aqibəti necə olacaq


Digərləri 21 May 2018 21:56:00 240 0

Ölkədə 3 milyondan çox insanın aqibəti necə olacaq

"Sığortaedən öz işçilərinin əməyini leqallaşdırmalı və əmək müqaviləsi şərtləri daxilində çalışan işçiləri üçün də sığortaçı ilə əməkdaşlığı təmin etməlidir"

Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə "İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması" adlı yeni 477-1-ci maddə əlavə edilib. Əlavə parlamentin aprelin 24-də keçirilən iclasında qəbul edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında bu dəyişikliyin texniki xarakter daşıdığını deyib: "Bu, "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş məqamların qanunvericilikdə öz əksini tapması istiqamətində atılan addımdır. "İşsizlikdən sığorta haqqında" qanunda da nəzərdə tutulub ki, işsizlik sığortası öhdəliyindən yayınma cəhdləri istənilən halda qanunvericiliyin pozulmasıdır və bu zaman sanksiyalar tətbiq olunur".

Ekspert əlavə edib ki, burada yük daha çox sığortaedənin üzərinə düşür: "Sığortaedən öz işçilərinin əməyini leqallaşdırmalı və əmək müqaviləsi şərtləri daxilində çalışan işçiləri üçün də sığortaçı ilə əməkdaşlığı təmin etməlidir. Hesabatlar, eyni zamanda ödənişlər Dövlət Sosial Müdafiə Fonduna ötürülməlidir".

İqtisadçı bu tətbiqin nə dərəcədə effektiv olacağından da danışıb: "Əvvəlki qanunlar hansı şəkildə əmək bazarında öz təsirini göstəribsə, bu da həmin səviyyədə olacaq. Əmək bazarının leqallaşmış hissəsi üzrə işsizliyə görə sığorta ödənişlərinin təhrif olunmasında ciddi problemlər olmayacaq".

"Burada, təxminən 800 mindən çox insan dövlət təşkilatlarında çalışanlardır. Və 800 min insanın işsizliyə görə sığortası üçün vəsait də ayrılıb və bunlar avtomatik olaraq yerinə yetiriləcək. Yerdə qalır, təxminən, 650 min özəl sektorda çalışan insan. Bunlar da nisbətən şəffaf fəaliyyət göstərməyə çalışan müəssisələrin işçiləridir və işsizliyə görə sığorta öhdəliyini yerinə yetirəcəklər", - müsahibimiz vurğulayıb.