Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik


Digərləri 21 May 2018 21:25:00 250 0

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik

Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Bu, həm müxtəlif xəstəliklərin davamı olaraq, həm də naməlum səbəblərdən yarana bilir.

Son.az bildiriri ki, BBC Azərbaycancanın Bakı müxbiri respublikanın baş kardioloqu, Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Faiq Quliyevlə söhbətləşib.

- Hipertoniyanın əsas əlamətləri nələrdir?

- Xəstələrdə yorğunluq, baş ağrıları, başgicəllənmə, ürək nayihəsində, baş-boyun nayihəsində ağırlıq halları ola bilər. İlk əlamətlər spesifik deyil, daha çox ümumi xarakter daşıyır.

- Hipertoniyanı xəstəlik hesab etmək olarmı?

- Hipertoniya özü növlərə bölünür. Arterial hipertenziya təzyiqin qalxmasıdır. Bu, müxtəlif xəstəliklərdə ola bilər. Məsələn, şəkərli diabet və böyrək xəstələrində, endokrinoloji xəstəliklərdə ola bilər, beyin travmalarından sonra müşahidə oluna bilər.

Arterial hipertoniya növünün isə səbəbləri tam olaraq bilinməsə də, daha çox genetik faktorlara əsaslanır. Valideynlərdə olan bu təzyiq nəsillikcə keçə bilir. Bu, daha çox 40 yaşlarından sonra özünü biruzə verir. 40 yaşdan sonra insanların bəzilərində naməlum mənşəli arterial hipertoniya özünü göstərməyə başlayır. Bu, naməlum mənşəli hipertoniya essential hipertoniya adlanır.

Əsas xəstəliklərin simptomlarından biri təzyiqin qalxmasıdır. Burada proqnoz nisbətən daha yaxşıdır, çünki əsas xəstəliyi müalicə edəndə, məsələn, böyrək xəstəlikləri, şəkərli diabet və sairə xəstəlikləri müalicə edəndə, təzyiq də aşağı düşür. Bu vaxt təzyiqi nəzarətdə saxlamaq nisbətən asan olur. Amma essential hipertoniyanın mənşəyi bilinmədiyi üçün fəsadları daha böyük olur və müalicəsi daha çətin olur.

- Hipertoniya hansı xəstəliklərin xəbərçisi ola bilər?

- Hipertoniyada üç orqanı yoxlamaq lazımdır: beyini, ürəyi və böyrəyi. İlk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Bu orqanların erkən zədələnmə faktorları var. Hipertoniya problemi olan insanlar kardioloqa müalicə etməlidir. Bu orqanların zədələnməsini erkən fazada bərpa etmək mümkündür. Geciksək, bu, erkən fazadan stabil formaya keçir və bərpa etmək mümkün olmur.

- Yüksək təzyiqə ev şəraitində nəzarət edilə bilərmi?

- Ümumiyyətlə, Avropa kardiologiya cəmiyyətinin tövsiyyələrinə görə, arterial hipertoniyası olan xəstələr təzyiqini ev şəraitində ölçməlidir. Çünki, xəstə hər dəfə həkimin yanına gələndə ağ xalatı görəndə təzyiq süni olaraq qalxa bilər. İlk dəfə analizlərin verilməsi və diaqnozun qoyulması üçün həkimə gedilməsi ayrı məsələdir, amma təzyiqə nəzarət ev şəraitində olmalıdır. Bu xəstələr 3-6 aydan bir müayinə üçün həkimə müraciət edə bilər.

Bundan başqa, demək istədiyim bir məqam da var. İndi təzyiqölçən aparatlar çoxdur. Biləyə taxılan təzyiqölçən aparatlardan imkan daxilində istifadə edilməməlidir. Çünki onlar keyfiyyətsiz aparatlardır və göstəriciləri çox vaxt düzgün olmur. Qola - çiyindən aşağı olan hissəyə - taxılan avtomatik, yarımavtomatik və ya əllə ölçülən aparatlar daha dəqiq olur. Onların qiyməti nisbətən baha olsa da, daha dəqiq ölçür.

- Qan təzyiqilə bağlı insanların ən böyük səhvləri nə olur?

- Xəstələrə müraciətlə demək istəyirəm ki, arterial hipertoniyanı müxtəlif bioloji aktiv maddələrlə müalicə etmək düzgün deyil. Həm Amerika, həm də Avropa kardiologiya cəmiyyətləri buna qadağa qoyub. Hətta, reseptlərdə həkimlərə bioloji aktiv maddələri yazmağa icazə vermirlər. Təəssüflər ki, bizdə televizor və reklamlarda yalandan hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr göstərilir və insanlar normal müalicənin yerinə bu maddələri qəbul etməyə başlayır. Bunun nəticəsində isə fəsadlarla xəstəxanaya düşürlər.